AZ

Evin həbsxanasında saxlanılan Mahmud Ocaqlı məzuniyyətə çıxıb

İki il əvvəldən Tehranın Evin həbsxanasında həbs cəzasını çəkməkdə olan siyasi fəal və türk dil haqları müdafiəçisi Mahmud Ocaqlı bir neçə günlük məzuniyyətə buraxılıb.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi mənbələrə istinadən, siyasi fəalın məzuniyyət haqqından istifadə etməsinə 4 milyard tümənlik mülki zəmanət qarşılığında icazə verilib.

Günaz TV Ocaqlının məzuniyyət müddətinin üç gün olduğunu bildirib.

İranın Ali Məhkəməsi bir neçə ay öncə Mahmud Ocaqlının işinə yenidən baxılması barədə müraciətini rədd etmişdi. Ocaqlı daha sonra şərti azadlıq tələbi ilə Tehran vilayəti Apellyasiya Məhkəməsinə müraciət etdi. Bir müddət əvvəl onun həmin müraciətinin də təmin olunmadığına dair qərar çıxarılıb. 

2022-ci ilin dekabr ayından bəri Tehranın Evin həbsxanasında saxlanılan Ocaqlı 2023 ilinin iyul ayında Tehran İnqilab Məhkəməsi 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati tərəfindən 16 il həbsə məhkum olunmuşdu. Avqust 2023-də siyasi fəalın şikayətinə baxan Tehran vilayətinın Apellyasiya Məhkəməsinin qərarına görə isə, o, “qanunlara qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə əlaqədar 5 il, “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyəti” göstərməkdən 1 il və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə əhalini iğtişaş və müharibəyə təşviq etmək” ittihamından 5 il həbsə məhkum edilib.

Tehranın Apellyasiya Məhkəməsi Ocaqlı haqqında çıxarılan məhrumiyyət cəzalarını da qüvvədə saxlayıb. Onun 2 il müddətinə siyasi partiya, qrup və təşkilatlara üzv olmasına, media və sosial şəbəkələrdə fəallığına və ölkədən çıxışına qadağa qoyulub. Ocaqlı əlavə olaraq türk dili və Azərbaycan tarixi ilə bağlı İranın rəsmi siyasətinə uyğun olaraq yazılmış bəzi kitablar, o cümlədən “Azərbaycan tarixi, mədəniyyəti və dili ilə bağlı suallar və cavablar” adlı kitabı oxuyub və xülasəsini yazmağa məhkum olunub.

Ocaqlı keçmiş illərdə də göstərdiyi fəaliyyətlər, o cümlədən türk dil hüquqları ilə əlaqədar kampaniyalarda iştirakı səbəbilə həbs və digər təzyiqlərə məruz qalıb. O, 2015-ci ildə Amerikanın Səsinə müsahibədə Dünya Ana Dili Günü tədbirləri ilə bağlı fəaliyyətləri haqqında danışıb.

visiontv.az



Seçilən
9
visiontv.az

1Mənbələr