Audiovizual Şura İTV-nin efirində yayımlanan “Vətəndaş A” serialın nümayişi zamanı qeyri-etik sözlərin açıq yayımlanmasına görə kanala xəbərdarlıq edib.
OLAY yazır ki, sözügedən məsələ cəmiyyət üzvləri ilə yanaşı mədəniyyət nümayəndələri tərəfindən narahatlıqla qarşılanıb.
Onlar sosial şəbəkədə “Audiovizual Şura”nın çıxardıqları qərara etiraz ediblər.
“Vətəndaş A” serialının prodüseri, aktrisa Sevinc Əliyeva fikirlərini belə ifadə edib:
“Şişirdiləsi heç nə yox idi. Özü də bədii serialda… Qonaqlar verilişlərdə ağzına gələni danışır, ya da oxuyur… Yadıma düşdü... Bizə olmaz axı yaxşı iş görmək”.
Aktyor Faiq Rəsul Mirzə isə bu qərarın serialın heyətini həvəsdən salması ilə nəticələnə biləcəyini vurğulayıb:
“Heç kəsin bostanına daş atmaq fikrim yoxdur, amma bu serialın həm texniki, həm yaradıcı heyəti serial sektoruna yeni nəfəs gətiriblər. Öz mənfi və müsbətləri ilə ortaya böyük iş çıxarıblar. Bu komanda əsasən gənclərdən ibarətdir, onları ruhdan salmaq olmaz. Sənəti ilə məşğul olan cavanlarımızın motivasiyasını pozmaq onları həvəsdən sala bilər. Bir də gəlin nəzərə alaq ki, tamaşaçı adı gedən serialı bəyənib, maraqla izləyir. Odur ki, “Vətəndaş A”ya kinomuzun çətinliklərini öhdəsinə götürən fədakar gənclərimizin zəhmətinə vətəndaş mövqeyi ilə yanaşaq. Qərəzsiz!”
Əməkdar artist Ayşad Məmmədov da məsələyə biganə qalmayıb.
“Ay Şura, belə olmaz! Uşaqların zəhmətini yerə vurmayın. Bilsəniz, hansı məhrumiyyətlərin bahasına başa gəlir bu serial heç vaxt belə danışmazsınız”, - deyə aktyor vurğulayıb.
Tarzən Humay Qədimova qərara olan etirazını bu sözlərlə bildirib:
“Vay-vay… Normal bir serial gördük dedik, bunlara anormal gəldi”.
Qeyd edək ki, Audiovizual Şuranın keçirdiyi iclas zamanı qeyd olunub ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.
Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib.