AZ

Azərbaycan hər bir COP konfransında su məsələsini gündəmə gətirəcək platforma yaratmağı planlaşdırır

Azərbaycan hər bir COP konfransında su məsələsini sistemli şəkildə gündəmə gətirəcək platforma yaratmağı planlaşdırır.

Olaylar xəbər verir ki, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli Abışova COP29 çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da su həllərinin inteqrasiyası - biomüxtəliflik, su ehtiyatları və iqlimin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada bildirib.

"Azərbaycanda biz inanırıq ki, su iqlim dəyişikliyi probleminin mərkəzində dayanır. Bizə bunu kimsə sübut etməyə çalışmamalıdır - biz bunu hər gün dünyanın müxtəlif yerlərində müşahidə edirik. Su dövranı dəyişir və bunun əsas səbəbi iqlim dəyişikliyidir. Hesab edirik ki, su məsələsi iqlim platformalarında müzakirəyə çıxarılmalıdır, çünki bu mövzu qlobal çağırışlarla birbaşa əlaqəlidir.

Azərbaycanda su təhlükəsizliyi ilə bağlı problemləri şəxsən yaşayırıq. Yəqin ki, Xəzər dənizinin sürətlə azalması barədə məlumatlısınız - bu, bizim üçün mühüm əhəmiyyət kəsb edən bir dənizdir. Azərbaycan COP sədrliyini əldə etdikdə, bu vacib məsələni iqlim gündəliyinə daxil etməyin zəruriliyini dərk etdik ki, bu çağırışları müzakirə edək və hər kəs üçün faydalı həll yolları tapaq.

Məhz buna görə bu gün, bir qədər sonra bu zalda, COP çərçivəsində ilk dəfə olaraq su mövzusunda bəyannaməni təqdim edəcəyik. Bu, COP29 sədrliyinin "İqlim fəaliyyətləri üçün su" təşəbbüsünün bir hissəsidir. Həmçinin, iqlim fəaliyyətləri üçün su mövzusunda Bakı Dialoqunu başladırıq - bu platforma COP konfransları arasında davamlılığı və ardıcıllığı təmin edəcək, suyun biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, çirklənmə və səhralaşma ilə əlaqəsini diqqət mərkəzində saxlayacaq.

Biz güclü və davamlı bir platforma yaratmaq niyyətindəyik ki, su məsələsini hər bir COP konfransında gündəmə gətirək", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
2
olaylar.az

3Mənbələr