AZ

Timor-Lestedən diplomat: "İqlim maliyyələşməsi üçün 1.3 trilyon dollar ayrılmasını təklif edirik"

"COP29 konfransı daha çox iqlim maliyyələşməsi məsələlərinə fokuslanıb".

Bunu Timor-Leste Demokratik Respublikasının iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi və səfiri Adao Soares Barbosa seher.media-a müsahibəsində bildirib.

O, hesab etdiklərini bildirib ki, COP29-da iqlim maliyyələşməsinin operativləşdirilməsi, xüsusilə yeni kollektiv kəmiyyət hədəfi ilə bağlı qərar qəbul edilməlidir.

"Buna görə də təklif edirik ki, əsas kimi ildə ən azı mövcud 100 milyard dollardan istifadə edilsin və sonra fond bu çərçivədən kənara çıxarılsın. Biz 2026-2034-cü illər üçün 1.3 trilyon dollar ayrılmasını və bir növ beşillik nəzərdən keçirmə prosesinin aparılmasını təklif edirik", - deyə səfir bildirib.

O, həmçinin inkişaf etmiş iştirakçı ölkələrin bu kanal vasitəsilə inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərməyə hazır olacaqlarına ümid etdiyini bildirib.

Bundan əlavə, Barbosa yeni kollektiv kəmiyyət hədəfi çərçivəsində itki və zərərlə bağlı problemlərin həllinin vacibliyini vurğulayıb.

Səfir bildirib ki, Timor-Leste artıq iqlim dəyişikliyinin ciddi nəticələri ilə üzləşir:

"Bizim daşqın, quraqlıq, torpaq sürüşməsi, okean səviyyəsinin qalxması, sedimentasiya və s. kimi problemlərimiz var. Xüsusilə də müəyyən itki və zərərə səbəb olan, insanların həyatını və yaşayış vasitələrini məhv edən daşqınlar təhlükəlidir. Okean səviyyəsinin qalxması baxımından isə biz inkişaf etməkdə olan kiçik ada dövlətləri kimi torpağımızın bir hissəsini itirə bilərik. Sakit okean və Asiyada bəzi ada dövlətləri öz millətlərini itirmək riski ilə üzləşirlər".

Diplomat qeyd edib ki, ekoloji problemlərin həlli üçün Timor-Leste müxtəlif səviyyələrdə tədbirlər görür.

"Siyasi səviyyədə artıq kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sağlamlıq, su ehtiyatları, infrastruktur və turizm sahələrində prioritetlərlə milli adaptasiya planı formalaşdırılıb. Timor-Lestenin Yaşıl İqlim Fondu, Adaptasiya Fondu və Daha Az İnkişaf Etmiş Ölkələr Fondu kimi mexanizmlər çərçivəsində iqlim maliyyələşməsinə çıxışını asanlaşdırmaq üçün ölkədə icra səviyyəsində Milli İqlim Dəyişikliyi İdarəsi və Milli Layihələndirmə İdarəsi yaradılıb", - deyə o əlavə edib.

Rufina Abdullayeva

Seçilən
1
2
seher.media

3Mənbələr