Nağdsız alış-verişlərdə tətbiq olunan 5 min manatlıq limitin artırılması nəzardə tutulur.
Bu məsələ “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Belə ki, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.
Layihəyə əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Qeyd edək ki, qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Əgər yeni təkliflər qəbul edilərsə, bu, bazarda müsbət və ya mənsi hansı dəyişikliklərə səbəb olacaq? Limitin 15 min manata çatdırılması mal və məhsul sayan sahibkarlara və ya o məhsulu alan fiziki şəxslərə nə vercək?
Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri, iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deyib ki, əvvəl də belə praktika var idi, yeni qanun da bunun davamıdır:
“Əvvəl bu məhdudiyyət 5 min manata qədər idi, indi bunu 15 min manata qaldırırlar. Amma heç o 5 min manat işləmirdi, ona görə də bu limiti artırmaq məcburiyyəti yaranıb.
Bu da qanunvericilikdə olan sərt qaydaların yumşalmasına gətirib çıxarır. Məqsəd əslində aydındır, amma Azərbaycan kimi primitiv iqtisadi modelə sahib olan ölkələrdə bunu tətbiq etmək problemə çevrilir. Yəni, iş adamlarına belə məhdudiyyətlər tətbiq edilirsə, onlar da satdığı məhsulu 15 min manata rəsmiləşdirəcək, qalan hissəsi isə nağd şəkildə həll ediləcək.
Onda dövlət hansı addımı atacaq? Bunun hansı nəzarət mexanizmi var? Hər qızıl dükanının yanına bir nəzarətçimi qoyacaqlar? Bu qanun elə olmalıdır ki, sərfəli olsun. Nağdsız ödənişlər satana və alana sərf etməlidir ki, belə sərt qanunlara da ehtiyac qalmasın”.
N.Cəfərli əlavə edib ki, hökumət bu qanunun işlək mexanizmə çevrilməsi üçün müxtəlif güzəştlərə getməlidir:
“Məsələn, nağdsız alış-veriş edən sahibkarlara əlavə güzəştlər tətbiq edilsə, onlar məmuniyyətlə bu addımı atarlar. Eyni zamanda, vətəndaşlara hansısa güzəştlər olunsa, məsələn, ƏDV-nin geri qaytarılması mexanizmi hər kəsə aid edilsə, fiziki şəxs balaca bir qızıl dükanından nəsə alanda onun da ƏDV-sini yükləyə biləcəksə, o zaman hamının nağdsız ödənişlərə marağı artacaq.
Yəni bu məsələdə maraqların idarə edilməsinə çalışmaq lazımdır.
Amma hökumət hər zaman maraqları deyil, insanları idarə etməyə çalışır ki, bu da effekt vermir”.