AZ

32 illik uğur yolu

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, o dövrdə baş verən hadisələr, ölkədə yaramış xaos bu müstəqilliyə ciddi şəkildə maneə törədir, tüğyan edən proseslər, hakimiyyət davaları gənc respublikanı məhvə aparırdı. Belə bir dönəmdə bir qrup ziyalı yeni siyasi partiyanın yaradılması təşəbbüsü ilə görkəmli siyasi xadim, daim Azərbaycanın inkişafı üçün var qüvvəsini və bacarığını sərf edən, öz fəaliyyətində xalqın istəklərini, azərbaycançılıq məfkurəsini rəhbər tutan Ulu Öndər Heydər Əliyevə müraciət etdi.

21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi o dövrdən etibarən müstəqil ölkəmizin demokratik siyasi mədəniyyətinin inkişafında yeni səhifəni açmış oldu. 1993-cü il oktyabrın 3-də Yeni Azərbaycan Partiyasının Sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə YAP-ın həyatında yeni dövrün başlanğıcının təməli qoyuldu, partiya ölkəmizin siyasi həyatında mühüm rol oynayan aparıcı qüvvəyə çevrildi. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilmiş islahatlar ölkədə sabitliyin təmin edilməsinə, iqtisadiyyatın sürətli inkişafına, enerji sektorunda qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsinə təkan vermiş, qısa zaman kəsiyində Azərbaycanın beynəlxalq arenada nüfuzu artmış, enerji təhlükəsizliyi və strateji layihələrdə əhəmiyyətli tərəfdaş kimi mövqeyi güclənmişdir. Bu tərəqqinin məntiqi nəticəsi olaraq Azərbaycan xalqının öz Liderinə sarsılmaz inamı yaranmış, ölkəmizin əmin əllərdə olduğu təsdiqlənmiş, dövlətimizin yenilməzliyi sübuta yetirilmişdir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Bu gün Ulu Öndərin ideyalarını uğurla davam etdirən və bu irsi daha da zənginləşdirərək yeni çağırışlara uyğunlaşdıran cənab İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilmişdir. Gələcəyə doğru inamla və ilhamla irəliləyən, 730 mindən çox üzvü ətrafında cəmləşdirən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində müvafiq addımlar atır, bu inkişaf özünü hər bir sahədə təsdiqləyir. YAP ölkəmizin gələcək uğurları, əhalinin rifahı üçün strateji hədəflər müəyyən edərək modernləşmə və davamlı inkişaf yolunda fəaliyyətini yüksək səviyyədə davam etdirir.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”. Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 32 illik inkişafın nəticəsidir ki, Azərbaycan xalqı bu siyasi fəaliyyəti dəstəkləyir, öz Liderinə, Müzəffər Ali Baş Komandanına güvəni sonsuzdur. 2003-cü ildə Prezident seçilərkən doğma xalqına verdiyi vədlərin hər birini ardıcıl olaraq yerinə yetirən, xalqının 30 illik həsrətinə son qoyaraq 44 günlük Vətən müharibəsində və cəmi 23 saat 43 dəqiqə çəkmiş antiterror əməliyyatlarında düşməni həm hərbi cəbhədə, həm də diplomatik cəbhədə məğlub edən, dövlət başçısı olaraq fəaliyyətinin 20-ci ildönümündə üçrəngli Dövlət Bayrağımızı Xankəndidə qaldıraraq bu şərəfli missiyanı uğurla tamamlayan cənab İlham Əliyevin yüksək səviyyəli liderlik bacarığı nəticəsində ölkəmiz dünyada misli görünməmiş tarixi, siyasi və hərbi Zəfərə imza atdı. Azərbaycanda xalq-ordu-iqtidar birliyinin əzəməti və sarsılmazlığı sübuta yetirildi.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq bərpa işləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunması, uzun illər ərzində öz doğma yurd yuvalarından qaçqın düşmüş sakinlərimizin həmin ərazilərdə məskunlaşdırılması, onların rahat həyat şəraitinin təmin edilməsi məqsədi ilə bütün imkanların səfərbər edilməsi dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirir. Bu gün Azərbaycanın nəinki regionda, dünyada güclü və nüfuzlu dövlət kimi tanınmasını şərtləndirən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti beynəlxaq aləmin diqqətini ölkəmizə yönəldir, dövlətimizi dünyada söz sahibi edir. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) uğurla ev sahibliyi edir. COP29-un ilk günündə 96 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçının olması, onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlərin iştirakı Azərbaycanın dayanıqlı inkişaf və ərtaf mühitin qorunması sahəsində göstərdiyi səylərə beynəlxalq ictimaiyyətin inam və güvəninin real sübutudur. Eyni zamanda, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə sahəsində öz təcrübəsini paylaşmaq, regional liderliyini nümayiş etdirmək, beynəlxalq tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün real imkandır. Məhz bu amillər bir daha deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, yeni zəfərlərə imza atacaqdır.

İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri

Seçilən
31
sesqazeti.az

1Mənbələr