AZ

COP for Hope: Litva COP29-da inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin təmin edilməsinə ümid edir - Nazir - MÜSAHİBƏ

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz: Litva Respublikasının ətraf mühit naziri Simonas Gentvilasdır.

Day.Az xəbər verir ki, Simonas Gentvilas COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

"Azərbaycana bu tədbiri təşkil etdiyi üçün təşəkkür edirəm. Siz artıq beynəlxalq tədbirlərin təşkilində peşəkar olursunuz. Proqresdən danışmaq hələ tezdir. Müzakirələr və danışıqlar davam edir, əsas qərarlar adətən konfransın son günlərində qəbul edilir, buna görə cümə gününü gözləmək lazımdır", - deyə nazir bildirib.

S.Gentvilas qalıq yanacaqların istifadəsindən imtina ilə bağlı razılığın əldə olunacağına ümid etdiyini ifadə edib.

"G20-nin qalıq yanacaqların istifadəsindən tədricən imtina ilə bağlı bəyanatı kifayət qədər güclü olmadı. Biz inkişaf etməkdə olan ölkələr üçün maliyyələşmənin təmin ediləcəyinə ümid edirik. Bu, iki əsas məsələdir. Əgər biz iqlim dəyişikliyi haqqında danışırıqsa, daha az neft, qaz və kömür istifadə etməliyik və nəticədə onlardan tamamilə imtina etməliyik", - deyə o vurğulayıb.

Nazir qeyd edib ki, iqlim dəyişiklikləri bütün regionlara təsir edir və buna görə hər kəs öz töhfəsini verməlidir.

"Neft resurslarına əsaslanan iqtisadiyyatlar ən böyük transformasiya potensialına malikdir, çünki bu, zəngin iqtisadiyyatlardır. Litvanın əsas ticarət tərəfdaşı olan Azərbaycan bu sahədə böyük imkanlara malikdir. Biz Azərbaycana dərin hörmət bəsləyirik. Digərləri üçün nümunə olmağa çalışmalıyıq. Azərbaycan artıq əhəmiyyətli uğurlar əldə edib və bir çox ölkə iqtisadiyyatlarının transformasiyası üçün sizə, eləcə də Litvaya nümunə kimi baxır", - deyə Simonas Gentvilas bildirib.

 

Nazir əlavə edib ki, Litva Avropa İttifaqının üzvü kimi danışıqlarda iştirak edir.

"Biz Yeni Kollektiv Kəmiyyət Məqsədinə kollektiv töhfə veririk və dünyada ən böyük donor olaraq qalırıq. İqlim maliyyələşməsi üzrə 100 milyard dollarlıq paketdə Aİ-nin payı üçdə bir təşkil edir. Lakin Avropa dünya emissiyalarının yalnız 6 faizini təşkil edir. Biz orta gəlirli ölkələrin də bu səylərə qoşulacağını gözləyirik", - deyə o vurğulayıb.

Litvalı nazir Avropanın iqlim dəyişiklikləri ilə mübarizədə öz payından artıq iş gördüyünü qeyd edib.

"Biz gözləyirik ki, Çin və ABŞ kimi əsas çirkləndiricilər digər ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaq üçün dəstək verəcəklər. Bu, tamamilə vacibdir, çünki biz iqlim dəyişiklikləri səbəbindən Şimali Avropaya, bizim qitələrə miqrasiya ilə qarşılaşırıq. İnsanlar Sahara səhrasının cənubundakı və ya alçaq ərazilərdə yerləşən ölkələrdə yaşamaq imkanından məhrumdur. Biz bu ölkələri dəstəkləməyə borcluyuq", - deyə o bildirib.

Nazir Litvanın öz iqtisadiyyatını dekarbonizasiya etməkdə əldə etdiyi uğurları da vurğulayıb.

"Biz istixana qazlarının emissiyalarını 70 faiz azaltmağa müvəffəq olmuşuq və iqtisadiyyatımız artıq transformasiya prosesindən keçib. Lakin ən çətin sektor nəqliyyat sahəsi olaraq qalır.

Biz effektiv həll yolları axtarmalıyıq və bir çox ölkələr üçün öz iqtisadiyyatlarını qısa müddət ərzində transformasiya edə bilmələri üçün nümunə olmaq istəyirik. Məsələn, 2030-cu ilə qədər Litvada bütün elektrik enerjisi yalnız bərpa olunan mənbələrdən istehsal ediləcək. Hazırda mərkəzləşdirilmiş istilik təchizatı sektoru artıq 80 faiz bərpa olunan enerji üzərində qurulub. Biz göstərmək istəyirik ki, kiçik bir ölkə necə böyük nəticələr əldə edə bilər", - deyə nazir fikrini tamamlayıb.

Seçilən
4
1
day.az

2Mənbələr