Məşhur ingilis şairi, dünya ədəbiyyatında “Sevimli şair” statusuyla tanınan Corc Bayron (1788-1824) ətrafındakı ingilis bicliyindən təngə gələrək, öz varidatını, 2 övladını, anasını, yaxın bildiyi hər kəsi tərk edib 1821-ci ildə Yunanıstanda Osmanlıya qarşı başlanan mübarizəyə qoşulur. Londondan ayrılanda dostuna yazmışdı ki; - “ Mən gedib hətta müsəlman olaram, amma bir daha buralara qayıtmayacağam.”Lordlar palatasının üzvü və xeyli varlı olan Bayron, bütün varidatını yunanların döyüşünə və inqilablarına xərcləməyə qərarlı olur.
Ədalətlilik, insanlar arasında səmimiyyət arayan şair, burada da insan mahiyyətinin Londondakından heç də yaxşı olmadığını görür. Belə ki, öz puluna yaratdığı ordunun nümayəndələri hər vəchlə, hətta yunan dilindəki sözlərin öyrədilməsinə də Bayrondan pul umurlar. Hər nəyin hesabına olur-olsun, ondan pul qoparmağa həvəslidirlər, yalan danışmaqda ustadırlar. “Ən pisi odur ki, onlar şeytancasına yalançıdırlar və onlardakı qədər düz danışmağı bacarmamaq qabiliyyəti Həvvanın dövründən bəri görünməyib...” Vicdanlı olmağı və şəxsi nümunə ilə mərd mübarizliyi üstün tutan Bayronun artıq geriyə yolu yox idi. Çünki söz vermişdi, - bir daha geri qayıtmayacaq. Doğrudur, ingilis fəndgirliyi Bayronun özünə də xas idi. Belə ki, türklərə qarşı vuruşsa da, gündəliyində yazırdı; “Əgər yunanlar hakim olsaydılar, onda türklərin tərəfində vuruşardım... Türklər şərəfsiz yaşamaqdansa, şərəflə ölümə getməyi üstün tuturlar... Türklərin apardığı müharibələr bir amal uğrunda deyil, sadəcə qarətçilik məqsədi daşıyır...” Vətəndən kənardakı yaradıcılığı içərisində “Şərq poemaları” adıyla 6 poema da yazır. Bu poemalarda türk sözlərindən də istifadə etmişdir.
Nəhayət, böyük romantik şair 1824-cü ilin martında soyuqdan və rütubətdən “bataqlıq qızdırması”na tutulur. Onsuz da ruh düşkünlüyü varlığını üstələyən Bayronu sağaltmaq mümkün olmur. Aprelin 19-da 36 yaşlı romantika mücəssəməsi C.Bayron, Osmanlıya aid olan Balkanların Missolonqi ərazisində cavan ömrünü yardım etdiyi yunanlara tapşırır. Onun ölümü bütün Avropanı həyacanlandırır. Haqqında çoxlu yazılar, kitablar yazılır, sonralar filmlər çəkilir.
P.S. BU DÜNYA BELƏ DÜNYADIR; - Romantika olanda, yanında avanturizm də olur. Məcnunluq verilir, xoşbəxt vüsal verilmir. Vicdan verilir, var-dövlət kənara çəkilir. İstedad verilir, üstündə xəstəlik, könül qırıqlığı, müxtəlif ehtiyaclar, ömrügödəklik də verilir. Düz danışmaq verilir, amma heç yerdə səni arzulamırlar. Qəlbi kövrək olursan, ürəklərində sənə rişxənd edirlər... Tək-tük istisnalar da olur, əlbəttə. Çalışın hər şeyin yaxşısını fikirləşin, yaxşı da olacaq...
(Böyük romantik Bayronun bir sirrini də xəlvətcə deyim ki, üstündə 250-dən artıq gözəl qadınların saçından kəsib götürdüyü əziz bir kolleksiya gəzdirirdi.)
Mahir Bayram
visiontv.az