32 illik tarixi yolda xalqa və vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında, ictimai-siyasi hadisələrdə müstəsna rol oynayaraq, Ümummilli Lider Heydər Əliyevin ideyalarını, Onun tərəfindən müəyyənləşdirilmiş strateji xətti, inkişaf strategiyasını reallaşdırıb. Tarix baxımından 32 il qısa bir zaman olsa da görülən işlərin miqyası nəzərəçarpacaq dərəcədə böyükdür.
Ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda xalq nicat yolunu, yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırışının ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi tarixi hadisəyə çevrildi. Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlanmışdır."
Bu artıq Azərbaycanın məhvolma təhlükəsinin aradan qaldırılması demək idi. Ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun başlanğıcı demək idi. Ölkə ərazisində gedən müharibə, idarəçiliyin yoxluğu, səriştəsiz insanların rəhbərlikdə olması, daxili qarşıdurma Azərbaycanı parçalanma və vətəndaş müharibəsi təhlükəsi qarşısında qoyduğu bir zamanda YAP-ın yaranması artıq gələcəyə böyük ümidlər vəd edirdi. Milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq güclü siyasi iradə və bacarıq tələb edirdi. Siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiyanın keçdiyi yola nəzər salsaq qətiyyətlə deyə bilərik ki, bugünki Azərbaycan reallıqlarının – inkişaf sütunun əsası həmin zamanlarda qoyuldu. Ulu Öndərin yaradıcısı olduğu YAP iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib və ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlara imza atıb. Zamanın çağırış və tələblərinə uyğun olaraq bu gün Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr durur. Onlardan ən əsası Azərbaycanın regionun və dünyanın ən qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. YAP-ın VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisəyə çevrildi və bu partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi səciyyələndirilir. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyev Qurultaydakı genişməzmunlu, proqram xarakterli nitqində partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı kimi dəyərli fikirləri səsləndirdi. Ötən müddət ərizində partiya bu vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirir. Təbii ki, YAP-ın VII Qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmış oldu. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi və yeni Nizamnaməsi təsdiq olundu. YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsində əhəmiyyətli hadisədir. YAP ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verir. YAP daha yüksək zirvələrə yol açan "dünənin, bu günün və sabahın partiyasıdır".
Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib.
Ulu Öndərin "Gün gələcək Azərbaycan dünyaya günəş kimi boylanacaq" fikri bu gün reallığa çevrilib.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə qazanıb. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni, Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri