AZ

Nüvə təhdidi ŞİDDƏTLƏNİR: “Bütün bəşəriyyət faciələrlə üzləşəcək”

“Rusiyanın nüvə təhdidini şərh edən ekspertlər iki yerə bölünüblər. Onlardan bəziləri Putinin, digərləri isə Qərbin siyasətini müdafiə edirlər. Amma buna normal insani münasibət bəsləyəndə, hər iki tərəfin atdığı addımlar insanlığa və bəşəriyyətə qarşı müharibə təhdidi və müharibə ocaqlarının yaranmasıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

O, son günlər Rusiyanın Qərbə qarşı başlatdığı nüvə təhdidi kampaniyalarını şərh edib.

Analitikin fikrincə, əgər bunun nəticəsi müharibə və insan qırğını ilə yekunlaşacaqsa, onda bu məsələni qınamaq lazımdır və bunun qarşısı alınmalıdır:

“Burada konkret Rusiyanı günahkar hesab edirlər və məncə də Rusiyanın təcavüzü olmasaydı, Ukrayna ərazilərini işğal etməsəydi, bu proses başlamazdı. Amma müharibə başlayıbsa, bunu nüvə müharibəsi həddinə çatdırmaq artıq bəşəriyyətə qarşı cinayətdir. Kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq… Çünki nüvə müharibəsinin qalibi yoxdur və burada bütün bəşəriyyət faciələrlə üzləşəcək və hətta yer üzərində həyatın silinməsi təhlükəsi də ola bilər”.

Siyasi təhlilçi əmindir ki, bu baxımdan, indi Putin ədalətsiz müharibə aparır və s məsələlər artıq o həddə çatıb ki, Ukrayna əsasən, uzaq mənzilli raketlərlə Rusiyanı vurur, Rusiya da təhdid edir ki, mən nüvə silahından istifadə edə bilirəm:

“Amma mənə belə gəlir ki, Rusiyanın bu təhdidi yeni raketlərin atışının qarşısını almaq məqsədi güdür. Düzdür, Putin düzdür, öz canını qorumaq üçün bütün bəşəriyyəti faciə ilə üzləşdirə bilər, çünki o, artıq cinayətkar elan olunub, dünyanın əksər ölkələrinə getsə, cinayətkar kimi həbs olunacaq. Ona görə də o, özünü qorumaq üçün bütün Rusiyanı və bəşəriyyəti qurban verməyə hazırlaşır”.

“Mənə elə gəlir ki, belə bir təhlükəli insanı Rusiya öz daxilində təcrid etməli və onu hakimiyyətdən uzaqlaşdırmalıdır. Buna qədər də qarşıdurmanın daha da şiddətlənməsindən çəkinmək lazımdır. Amerika artıq iki cəbhədə müharibə aparır, həm Yaxın Şərqdə, həm Ukrayna-Rusiya de-fakto iştirak edir. Bunun görünməyən tərəfi isə odur ki, hər iki müharibədə böyük dövlətlər üz-üzədir. Ona görə də bu böyük dövlətlər bəşəriyyəti faciələrlə üzləşdirməmək üçün yollar axtarmalıdır ki, gələcəkdə hər hansı bir nüvə təhlükəsi olmasın”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mütəxəssis düşünür ki, bu proseslərdə çoxları ümidini Amerikanın yeni prezidentinə yönəldib:

“Amma 1-2 nəfərlə bu proses həll edə bilməz. Əksinə, buna vətəndaşlar öz mövqelərini bildirməlidir ki, bu cür faciələrin qarşısı alınsın. Lakin hesab edirəm ki, nüvə təhdidi heç də gətirib nüvə müharibəsinə çıxarmayacaq, çünki bu təhdidi edənlərin özləri nəticədə faciələrin olacağını dəqiq bilirlər. Odur ki, biz dövlət başçılarından daha böyük ağıl və humanistlik gözləyək ki, onlar bəşəriyyəti faciə ilə üzləşdirməsinlər”.

Rafi Müslümov

Seçilən
43
yenicag.az

1Mənbələr