AZ

COP29: Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi mövzusunda təqdimat olub

Noyabrın 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı yaradılmış Yaşıl zonada “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində Azərbaycanın Kür və Araz çaylarının subasarında yerləşən Tuqay meşələrinin karbon dinamikasının qiymətləndirilməsi mövzusunda təqdimat keçirilib.

“İki sahil” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun, Bakı Dövlət Universitetinin və Aviasiya Akademiyasının mütəxəssislərinin, eləcə də layihənin tərəfdaşı olan Qana Respublikasının “Abibiman Foundation LBG” qeyri-hökumət təşkilatının nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin layihə meneceri Gülbağda Leysanova Hacıyeva layihənin məqsədi, fəaliyyətləri haqqında ətraflı məlumat verib, ölkəmizdə biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin icrasının əhəmiyyətinə diqqət çəkib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev Tuqay meşələrinin biomüxtəlifliyin qorunması və inkişafı, eləcə də atmosferdə karbon emissiyasının azaldılması rolundan, uzun müddət ciddi mühafizə edilməməsi, iqlim dəyişikliyi ilə əlaqədar Kür çayının hidroloji rejiminin dəyişməsi və digər amillər səbəbindən xeyli azaldığını, seyrəldiyini, ağacların cins tərkibinin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib. Meşə ekosisteminin bərpası və karbon dinamikasının qiymətləndirilməsi, əldə olunan nəticələrin meşələrin salınması və ya bərpası işlərinin planlaşdırılması və digər məqsədlər üçün istifadəsinin əhəmiyyətini qeyd edərək, layihə çərçivəsində sahə tədqiqatlarının aparılması məqsədilə alınmış avadanlıqlar barədə məlumat verib.

Türkiyədən dəvət edilmiş mütəxəssis, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının nümayəndəsi Cuma Uykun “Meşələrdə biokütlə və karbon hesablanması metodologiyası: anlayışlar, problemlər və həllər” mövzusunda iştirakçılara ətraflı məlumat çatdırıb.

Sonra layihə çərçivəsində Hacıqabul rayonu ərazisində Tuqay meşə ekosisteminin bərpasına yönəlmiş ağacəkmə aksiyasından bəhs edən videoçarx nümayiş olunub. Bildirilib ki, aksiya zamanı 1,5 hektar ərazidə Tuqay meşəsinə aid 1800 ədəd ağac tingi, eləcə də 20 sot ərazinin mühafizəsi təşkil edilməklə nəsli kəsilməkdə olan 200-dən çox müxtəlif ağac növü əkilib.

Tədbirin davamında mütəxəssislər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təqdim edilən layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi çərçivəsində icra olunur.

Seçilən
18
7
ikisahil.az

8Mənbələr