AZ

“Məşğulluğa Dəstək Layihəsi” vasitəsilə biznes qurmağın sirri - Fotolar

“Məşğulluğa Dəstək Layihəsi”nin iştirakçısı bərbər Vüsal Cəlilov adıçəkilən layihəyə qoşulmamışdan öncəki fəaliyyəti barədə müsahibə verib. 

“Qafqazinfo” sözügedən müsahibəni təqdim edir: 

Mən - Cəlilov Vüsal, 27 yaşım var. 2017-ci ildə hərbi xidmətdən döndükdən sonra bir sıra firmalarda, mağazalarda işləməyə başladım. 2020-ci ildə müharibəyə yola düşdüm. Müharibədən döndükdən sonra əvvəlki iş yerimdən ayrıldım. Ailəmin təkidi ilə qərara gəldim ki, bərbərlik sənətimə yönəlim. Bu sahə üzrə öz biznesimi qurmağa dəstək məqsədilə 2021-ci ilin dekabr ayında DOST mərkəzinə müraciət etdim, oradan məni “Məşğulluğa Dəstək Layihəsi”nə yönləndirdilər. Beləliklə, bu layihəyə qoşuldum. 

- Bərbərliyə marağınız necə yaranıb? 

16 yaşım olanda ailəm məni bərbər yanında sənət öyrənməyə yönləndirmişdi. Düzü, özümün həvəsim yox idi, səthi yanaşırdım. Sonra əsgərliyə getdim, bir az da orda əsgərlərin saçlarını qırxmaqla öyrəndim. Əsgərlikdən qayıdandan sonra əl qabiliyyətim hələ tam təkmilləşməmişdi deyə başqa sahələrə yönəldim. Lakin müharibədən döndükdən sonra düşündüm ki, yaxşısı öz sənətimə yiyələnib onu inkişaf  etdirməkdir. 

- “Məşğulluğa Dəstək Layihəsi”nə qoşulmazdan əvvəl hansı çətinlikləriniz olub

- İşin dərinliklərini bilmirdim. “Məşğulluğa Dəstək Layihəsi”nin mənə çox böyük köməyi olub. Biznesin idarə edilməsi ilə bağlı bacarıqlarımı artırdım, bilmədiklərimi geniş formada öyrəndim və işimi qurmaq üçün özümü tam hazır hiss etdim. Bundan öncəki obyektim çox balaca və şəraitsiz idi. Hazırkı obyektdə isə gördüyünüz nə varsa, mebeldən tutmuş avadanlıqlara və kondisionerə kimi hər şeylə məni “Məşğulluğa Dəstək Layihəsi” təmin etdi. İndiki vəziyyətimdən çox razıyam, amma özümü daha yaxşı yerlərdə görürəm. Yerimdə saymaq istəmirəm. Gələcəkdə bu obyekti böyütmək fikrindəyəm. 

- Layihədə iştirak etdiyiniz vaxt ərzində sizə motivasiya verən nə oldu? 

- İnsan beyninə bir məqsəd qoyubsa, özü üçün hədəflər müəyyən edibsə, nə qədər çətin olsa da, ona doğru əzmkarlıqla addımlamalıdır. Bu mənada mənim də məqsədim  öz işimi qurmaq, sənətimə yiyələnmək idi və bunun üçün əlimdən gələni etməli idim. Yorulmaq, dayanmaq olmazdı. Nailiyyətlərim mənə motivasiya olurdu. Bu gün özümü az da olsa, arzularıma çatmış kimi dəyərləndirirəm və daha yaxşı yerlərdə işimi davam etdirmək fikrindəyəm. 
İşinizdən məmnun qalmayan müştəriləriniz olub ? 

- Yeni başladığım vaxtlarda, bəli, səhvlərim olduğu üçün narazı qalan müştərilər olurdu. Hamının başına gələn bir şeydir. Bizim işimiz görünüşlə bağlı olduğu üçün uğursuzluqlar bağışlanan deyil. Amma bu gün şükür ki, sevilən bərbərəm. Bir dəfə gələn müştəri növbəti dəfə yenə gəlir. Görünür, məmnun qalırlar. 

- Layihədə iştirakınız boyunca verilən mentorluq xidmətindən razı qaldınız? 

- Əşyaları iki ildən çox müddətdir almışam. Bir il müddətində monitorinqlər oldu. 4-5 dəfə gəlib baxış keçirdilər. Hamısında da müsbət rəy bildirdilər. Mən də həmçinin avadanlıqların istifadəsi, biznesin idarə edilməsi ilə bağlı layihənin təklif etdiyi mentorluq xidmətindən yararlandım və çox razı qaldım.

- “Məşğulluğa Dəstək Layihəsi”nə qoşulmağı düşünənlərə nə məsləhət verərdiniz? 

- Məsləhət görərdim ki, hədəflərinin arxasınca getsinlər. Arzularına gedən yolda heç bir şey onları sarsıtmasın. Təbii ki, şəxsi biznesə sahib olmaq çətindir, amma indi “Məşğulluğa Dəstək Layihəsi” sayəsində hədəflər əlçatandır. Əgər daha rahat yolla uğurlu nəticə əldə etmək istəyirlərsə, düşünmədən bu layihəyə qoşulsunlar.

Bu məqalə layihənin kommunikasiya üzrə konsultantı “Aim Texas Consulting” şirkətinin uğurlu layihə benefisiarlarından olan Vüsal Cəlilovla müsahibəsi əsasında hazırlanıb.







Seçilən
4
qafqazinfo.az

1Mənbələr