AZ

"Bir ayaqqabı, bir kurtka, bir kofta 10 manata", Bakıda satıcı

Məqalə barədə məlumatMüəllif, Aygül MehmanVəzifə, BBC News Azərbaycanca,Bakı

"Necə yaşayırsan? Bizə danış!" -da bu dəfə Bakıdakı "Bit bazarı"nda satıcılıq edən Şəhriyar Bəxtiyarov danışır.

Şəhriyar Bəxtiyarov BBC-yə danışır ki, onun bu bazarla tanışlığı tələbəlik illərinə təsadüf edir.

“1999-cu ildə universitetə qəbul olandan sonra geyim almağa imkanım yox idi. Dedilər Sabunçuda belə bir bazar var. Mən də gəlirdim, buradan geyim alırdım, yuyub, universitetə geyinirdim. Ondan sonra gəldim-getdim, gəldim-getdim bura qatlaşdım. Universiteti bitirəndən sonra hərbi xidmətə getdim, qayıdandan sonra da burada işə başladım”, Şəhriyar Bəxtiyarov deyir.

Satıcı bildirir ki, “Bit bazarı”nın təməlini ruslar qoyub və əslində buranın adı “Rus bazarıdır”. Bunun səbəbi isə ilk vaxtlarda burada yalnız rusların olmasıdır.

“Mən bir yaşlı rus qarısı ilə söhbət etmişdim. O mənə dedi ki, bu bazarın təməli 1953-cü ildə qoyulub. Onun özü 1928-ci ildə anadan olmuşdu. O dedi ki, ilk dəfə 1953-cü ildə bu bazarda nə isə satmağa başlayıb", - Şəhriyar Bəxtiyarov qeyd edir.

Onun söylədyinə görə, əvvəllər bu bazarın alıcıları Bakı camaatı imiş. "İndi isə rayonlardan gələn alıcı qüvvəsi çoxalıb".

“Burada bir ayaqqabı, bir kurtka, bir kofta alsan, uzaqbaşı 10 manat xərcin çıxar. Eləsi gəlir ki, 1 manat pulum var, mənə ayaqqabı ver, verirəm. Məsələn, şalvarları alırlar 1 manata, aparıb satırlar 2-3 manata. Elə adam var burdan geyim alır, şəhərə geyinir, toya geyinir. Ayaqqabıları da 3-4-5 manata satırıq, baxır da. Elə ayaqqabı var təzə gəlir qutunun içində, baha qiymətə alıb, istifadə etməyib. Verir 5 manata, biz satırıq 7 manata”, - satıcı əlavə edir.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
9
bbc.com

1Mənbələr