AZ

Avropa Liqası: Azərbaycan 6 illik uğursuzluğu unutdurmaq arzusunda

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri yenidən Avropa Liqasında iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, bu, kişi yığmamızın 4-cü, qadınların 7-ci sınağı olacaq.

Sonuncular indiyədək 6 dəfə Avropa Liqasında mübarizə aparıblar. Millimizin debütü 2014-cü ildə gerçəkləşib. Həmin vaxt yığmamız liqanı 4-cü pillədə başa vurub.

Bir illik fasilədən sonra – 2016-cı ildə turnirin iştirakçıları sırasına qayıdan millimiz Avropa Liqasının qalibi adını qazanıb. Voleybolçularımız bu uğura 10 oyunun hamısında qalib gəlməklə nail olublar.

2018-ci ilə təsadüf edən üçüncü cəhd də pis alınmayıb. Yığmamız Qızıl Avropa Liqasını 5-ci yerdə başa vurub. Lakin bununla da voleybolçularımızın uğurlu çıxışları başa çatıb. Sonrakı illərdə qadın millimiz azarkeşlərini sevindirə bilməyib.

2019-cu və 2021-ci illərdə qələbə həsrəti yaşayan yığma 12 matçın hamısında uduzub. Sonrakı turnirə qatılmaqdan imtina edən milli 2024-cü ildəki dönüşünü lazımında qeyd edə bilməyib. Ümumiyyətlə, son üç cəhddə 18 qarşılaşmaya çıxan millinin hesabında cəmi 2 qələbə var.

Qadın millimiz Avropa Liqasında
2014 – 4-cü yer
2016 – 1-ci yer
2018 – 5-ci yer
2019 – 10-cu yer
2021 – 11-ci yer
2024 – 8-ci yer

Voleybolçularımız 6 turnirdə ümumilikdə 46 oyuna çıxıblar. 22 qələbə və 24 məğlubiyyəti olan millinin yubiley – 50-ci matçı cari mövsümə təsadüf edəcək. Komandamız 25-ci qələbəsini də qazanmağa çalışacaq.

Bunun üçün rəqiblər də münasib sayıla bilər. Yığmamız Qızıl Avropa Liqasında Macarıstan, Sloveniya, Slovakiya, Montoneqro, Rumıniya və Xorvatiya ilə qarşılaşacaq.

Təbii ki, əvvəlki qədər güclü olmayan millimiz üçün artıq bu rəqiblər də asan sayılmır və komandanı heç də yüngül oyunlar gözləmir. Amma ildən-ilə nüfuzunu itirən Avropa Liqasında qitə nəhəngləri də yoxdur. Üstəlik, heç də bütün komandalar əsas heyətə üstünlük vermir.

Kişilərdən ibarət millimizdən heç vaxt böyük gözləntilər olmayıb. Bu da başadüləndir. Heç vaxt gücü və iddiası ilə seçilməyən yığma buna görə də Gümüş Avropa Liqasında mübarizə aparacaq.

Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları kimi voleybol dünyasına yad sayıla biləcək rəqiblər millimizin dişinə görə sayıla bilər. Bu komandalarla mübarizə aparmaq iqtidarında olan yığmamız artıq bir ilkə imza atıb.

Kişilərdən ibarət millimiz ilk dəfədir ki, ardıcıl iki mövsüm Avropa Liqasında oynayacaq. Ötən il fiasko ilə üzləşən voleybolçularımız Qızıl Avropa Liqasında 12 komanda arasında sonuncu olublar.

Elitadakı yerini 6 məğlubiyyətlə itirən yığma yenidən ən güclülər sırasına dönmək arzusundadır. Bu, millinin Avropa Liqasında 4-cü cəhdi olacaq. 10 il əvvəl 8 matçın hamısında uduzan yığma Danimarka ilə sonuncu 9-10-cu yerləri bölüşüb.

2019-cu ildə Gürcüstan üzərindəki iki qələbə yığmamızın son uğurları olub. Gümüş Liqadakı 6 oyunda 4 məğlubiyyət alan milli ümumi sıralamada 17-18-ci yerlərə şərik çıxıb. 2022-ci ildə turnirə qatılmaqdan imtina edən yığma ötən mövsümün 6 məğlubiyyətini də saysaq, Avropa Liqalarındakı 20 oyunda 2 qələbəyə sevinib. Digər 18 matçda məğlubiyyət qeydə alınıb.

Kişi millimiz Avropa Liqasında
2014 – 9-cu yer
2019 – 17-ci yer
2024 – 12-ci yer

Millilərimizin nəticələrini ümumiləşdirsək, iki yığmamız Avropa Liqasındakı 9 cəhddə 66 oyun keçirib. 24 qələbə qazanan voleybolçularımız üçün növbəti uğur 25-ci olacaq.

Qeyd edək ki, Avropa Liqasının oyunları 2025-ci ilin may-iyun aylarında keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr