BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında danışıb. Rektor həmçinin Bakıda keçirilən COP29 tədbirləri və orada müzakirə olunan məsələlərin önəmini qeyd edib.
Daha sonra rektor bildirib ki, AzTU NUST-la “Quacquarelli Symonds” (QS), Dayanıqlı İnkişaf Məqsədləri (SDG), süni intellekt, kibertəhlükəsizlik sahələrində, habelə digər qlobal və regional universitet reytinqlərində yüksək mövqedə olan universitetlərlə əməkdaşlıqlarının genişləndirilməsində maraqlıdır.