AZ

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

Ümumi təhsil müəssisələrində “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində planlaşdırılmış fəaliyyətlər davam edir. Bununla əlaqədar plan üzrə həyata keçirilən dərsdinləmələr və metodiki görüşlərlə yanaşı müəllimlərə təlimlər keçirilib.

Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin müəllimlərlə birgə əməkdaşlığı ilə həyata keçirilən təlimlər “Dərsin planlaşdırılması” mövzusunu əhatə edib. Bildiyimiz kimi tədris prosesinin effektiv qurulması və təlim məqsədlərinə nail olunması üçün planlaşdırmanın böyük rolu vardır. Bununla əlaqədar dərsin planlaşdırılmasının düzgün tərtib olunması mühümdür. Bu məqsədlə keçirilən təlim prosesində müəllimlər mövzu ətrafında öz təcrübələrini paylaşıb, planlaşdırmanın digər fəaliyyətlərə, eləcə də zamanın effektiv təşkilinə təsiri barədə müzakirələr aparıblar.

Bundan əlavə müəllimlər dərsin məqsədinə uyğun planın hazırlanmasını praktik fəaliyyətlərdə tətbiq ediblər.Metodiki və pedaqoji bacarıqlarının inkişafı istiqamətində keçirilən təlimlər müəllimlərin motivasiyalarının yüksəlməsinə, eləcə də əməkdaşlıqların möhkəmlənməsinə effektiv təsir edir.

Qeyd edək ki, təlimlərin mövzuları əsasən dərsdinləmə və metodiki görüşlərdə müşahidə olunan nəticələrə əsasən müəyyən edilir.

Beləliklə, “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər ümumi təhsil müəssisələrinin inkişafına və şagirdlərin gələcəyinə töhfələrini verməkdədir.

Seçilən
36
tehsil.biz

1Mənbələr