Ehtimal gərginlik fonunda Rusiya ilk olaraq hansı Avropa ölkələrini vura bilər?..
Politoloq: “Ukrayna və NATO ölkələri eyni səviyyədə deyil. Məsələn, Rusiya Ukraynada etdiklərini Polşada edə bilməz”.
“Düşünürəm ki, nə Rusiya, nə də Qərb ölkələri belə bir oyuna getməyəcəklər. Çünki bu tək onların deyil, bütün dünyanın fəlakətinə səbəb ola bilər”.
Bu sözləri politoloq Zeynal Əmrəliyev NATO-nun Rusiyaya müharibə hazırlaması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.
NATO-nun Ukrayna üzərindən Rusiyaya müharibəyə hazırlaşdığı iddia edilir. Bu iddia nə qədər real ola bilər? Eyni zamanda, ehtimal gərginlik fonunda Rusiya ilk olaraq hansı Avropa ölkələrini vura bilər və bu hansı nəticələr doğurar?
Rusiya-NATO gərginliyini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyevlə müzakirə edib.
Zeynal Əmrəliyev: “Dünya müharibəsinin olmasına şərait yaradacaq amillərdən həm Qərb, həm də Rusiya qaçacaq”.
ABŞ-də iki ay sonra Vladimir Putinlə razılaşmanın tərəfdarı olacaq Donald Trampın hakimiyyətə gələcəcəyini xatırladan politoloq buna görə, Qərblə Rusiya arasında çaxnaşmanın olacağını düşünmədiyini bildirib:
“Hələ ikinci dünya müharibəsindən sonra Şərq və Qərb bloku arasında mübarizə başladı. Bu gün də Rusiya və NATO-nun ona yaxın ölkələri arasında mübarizə gedir. Yəni bu qırmızı xətt nəyə əsasən idi? Məhz həmin dövrdə razılaşdırılmışdır ki, NATO SSR-i sərhədlərinə yaxınlaşmayacaq, əvəzində də SSR-i həmin ölkələrə qarşı təhdid formalaşdırmayacaq.
Faktiki olaraq bir qırmızı xətt var. Həmin ölkələr nəyin bahasına olursa-olsun üçüncü dünya müharibəsinin baş verməsini istəmirlər. Doğrudur, Putin hakimiyyətə gələndən sonra Rusiya NATO-ya üzv olma istədi. Amma NATO bunu qəbul etmədi. Hal-hazırkı Ukraynadakı müharibə məhz bu anlaşmasının pozulması nəticəsində meydana gəldi. Çünki Rusiya NATO ölkələrinə təhdid yaratmağa başladı. Konkret olaraq Baltikyanı ölkələr və Polşada söhbət gedir. NATO da razılaşmanı pozaraq Rusiya sərhədlərinə doğru yön almağa başladı. Nəticədə tərəflər arasında ciddi qarşıdurma Ukrayna müharibəsi ilə nəticələndi.
Zeynal Əmrəliyev: “Böyük ehtimalla üçüncü dünya müharibəsində nüvə silahlarından və heç də nüvə silahlarından zəif olmayan taktiki silahlardan, yəni ballistik raketlərdən istifadə ediləcək”.
Ukrayna və NATO ölkələri eyni səviyyədə deyil. Məsələn, Rusiya Ukraynada etdiklərini Polşada edə bilməz. Çünki bu NATO-ya hücumudur və avtomatik olaraq NATO-nun müvafiq maddələri işə düşəcək, Rusiyaya qarşı hərbi əməliyyatlar başlayacaq. Bu da üçüncü dünya müharibəsinə səbəb olacaq amildir. Böyük ehtimalla üçüncü dünya müharibəsində nüvə silahlarından və heç də nüvə silahlarından zəif olmayan taktiki silahlardan, yəni ballistik raketlərdən istifadə ediləcək.
Buna görə də, düşünürəm ki, nə Rusiya, nə də Qərb ölkələri belə bir oyuna getməyəcəklər. Çünki bu tək onların deyil, bütün dünyanın fəlakətinə səbəb ola bilər. Hal-hazırkı nəzərə alınmalıdır ki, dünya ölkələri soyuq müharibə dövründən sonra ən böyük qütbləşmə sistemini yaşayır. Buna görə də, dünya müharibəsinin olmasına şərait yaradacaq amillərdən həm Qərb, həm də Rusiya qaçacaq.
O da nəzərə alınmalıdır ki, ABŞ-da iki ay sonra Vladimir Putinlə razılaşmanın tərəfdarı olacaq Donald Tramp hakimiyyətə gələcək. Buna görə, Qərblə Rusiya arasında çaxnaşmanın olacağını düşünmürəm”.
Nərminə UMUDLU
Poliqon.info