AZ

Rusiya XİN Polşada ABŞ bazasının açılmasını Vaşinqtonun təxribatçı addımı adlandırıb

“ABŞ-nin Polşada raket hücumundan müdafiə bazasının açılması nüvə təhlükəsi səviyyəsinin artmasına gətirib çıxarır. Bu, Vaşinqtonun təxribat xarakterli addımıdır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu, amerikalıların və onların Şimali Atlantika Alyansındakı müttəfiqlərinin strateji sferada dərin sabitliyi pozan bir sıra fəaliyyətlərində növbəti açıq təxribatçı addımıdır.

“Bu addım NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılması kimi uzunmüddətli dağıdıcı təcrübəyə uyğundur. Bu, obyektiv olaraq strateji sabitliyin pozulmasına gətirib çıxarır və hərbi-siyasi, hərbi-texniki xarakterli digər zərərli tədbirlərlə yanaşı, Rusiyaya və digər nüvə güclərinə güclü təzyiq göstərmək üçün Amerika gücünü ABŞ-nin milli ərazisindən minlərlə kilometr kənara çıxarmaq məqsədi daşıyır. Bu, təbii olaraq strateji risklərin artmasına və nəticədə nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına gətirib çıxarır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova əlavə edib ki, Polşada Amerikanın raket hücumundan müdafiə bazasının yaradılması demək olar on ilə yaxındır ki, Rusiyanın təhlükəsizlik narahatlığına tam məhəl qoyulmadan davam edir: “Qərbin bu cür hərbi qurğularından yaranan təhlükə səviyyəsinin xarakterini nəzərə alaraq, Polşadakı raket hücumundan müdafiə bazası çoxdan Rusiya tərəfindən potensial məhv edilməsi üçün prioritet hədəflər siyahısına əlavə edilib və bu, lazım gələrsə, müasir silahların geniş spektri ilə təmin edilə bilər”.

Seçilən
15
1
apa.az

2Mənbələr