AZ

Rüfət Quliyev: "Cəmiyyətin özündə də işləməyə böyük həvəs olmalıdır..."

Dövlət Statistika Komitəsinin Azərbaycanda işsizlik faizi ilə bağlı yaydığı məlumat müzakirəyə səbəb olub. Belə ki, Komitə ölkənin rəsmi statistikasında 282 min 800 nəfərin işsiz olduğunu açıqlayıb. Bu isə ümumilikdə 5,2% göstərici deməkdir.

 

Milli Məclisin 4 çağırış deputatı olmuş, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Pravda.az-a açıqlamasında deyib ki, işsizliyin kökündə bazar iqtisadiyyatı dayanır.

 

"İşsizlik və inflyasiya bazar iqtisadiyyatının iki böyük bəlasıdır. Hər ikisi bir-birinə çox sıx bağlıdır. Biri ilə mübarizə aparanda digəri artmağa başlayır. İşsizlik və inflyasiya bütün bazar iqtisadi yolu ilə gedən ölkələrdə mövcuddur. İstər ABŞ, istərsə də Avropanın aparıcı ölkələrində, Almaniya, Fransa, İtalya, Yaponiyada... Biz də bazar iqtisadiyyatının yolu ilə gedirik, inkişaf edirik. Çalışırıq ki, sürətimizi artıraq. Təbii ki, bizdə də işsizlik var. İşsizliyin hesablanması metodikası cürbəcürdür. Söhbət birjada işsiz kimi qeydiyyatdan keçən insanlardan gedirsə, burada bir rəqəm olacaq. Söhbət həqiqətən işsiz insanların çoxunun böyük şəhərlərdə, yaxud regionlarda olmasından gedirsə, burada da rəqəmlər başqadır. Dövlət işsizliklə mübarizə aparır. Çalışır ki, dövlət səviyyəsində yeni layihələr həyata keçirsin. Regionlarda da kənd təsərrüfatı sahəsində insanlar üçün kifayət qədər şərait yaradılıb. Amma o demək deyil ki, təkcə dövlət bununla ciddi məşğul olmalıdır. Cəmiyyətin özündə də işləməyə böyük həvəs olmalıdır. Bu sualı verən kimi hamı deyir ki, yeni müəssisələr, fabriklər, zavodlar açılsın. Bu, Sovet dönəmindən qalma fikirdir. Bazar iqtisadiyyatında hər şey tələb və təklif qanunu ilə işləyir. Tələb varsa, zavod və fabriklər açılacaq, tələb yoxdursa, açılmayacaq. Bazar iqtisadiyyatının müsbət cəhəti budur ki, insanlar özləri mikro sahibkarlıqla məşğul ola bilərlər. Bunun üçün dövlət bütün yolları açıb. Həmişə demişəm, regionlarda əkin-biçin işləri çox olmalıdır. İnsanlar öz həyətyanı sahələrində kənd təsərrüfatı ilə məşğul olmalıdırlar. Bu həm ailə büdcəsinə təsir edəcək, həm də qalan məhsulları bazara çıxarıb sata bilərlər. BMT-nin statistikasına əsasən, aztəminatlı ailələrdə ailə büdcəsinin 70%-i, təxminən, qida məhsullarına gedir. Burada da bir məntiq var. Məni bu fikrimə görə çox vaxt tənqid ediblər ki, niyə rayonlarda yaşayanlar bütün kənd təsərrüfatı məhsullarını supermarketlərdən alırlar. Bu gün kimyəvi maddələr verilməyən sahələrin məhsullarının qiyməti kifayət qədər yüksəkdir. Məsələn, cənub zonasında dağda 6-7 nəfərlik bir ailə yaşayır. 3-4 inəkləri, qoyunları, toyuqları var. Onların süd məhsullarını, pendirini, yağını, qatığını Aranda yaşayanlar ikiqat qiymətə alırlar. Elə olur, həftələrlə gözləyirlər, xüsusi sifariş edirlər ki, bu məhsulları ala bilsinlər. Çünki ekoloji cəhətdən təmizdir, təhlükəsizdir. Astara, Lənkəran, Cəlilabad ərazilərində xırda təsərrüfatla öz ailələrini dolandıranların sayı çoxdur. Bu insanlar rəsmi formada qeydiyyatdan keçməyiblərsə, sayla götürəndə işsizlər siyahısında gedirlər. Amma realda işsiz deyillər, kənd təsərrüfatı ilə məşğuldurlar. Bu gün Azərbaycanda regionlarda, Bakının özündə də adi ustalara ehtiyac var. Hökmən Aqrar Universitetinin məzunu olmaq lazım deyil. İlkin bilikləri peşə məktəblərində ala bilərlər. Lənkəranda da belə bir məktəb var. Həmin məktəbin məzunları 1 ildən 3 ilə qədər təhsil alırlar. Aşbazlar, ofisiantlar və s. - məzunların 95-98%-i işlə təmin olunur. Başa düşürəm, bazar iqtisadiyyatı çox çətin inkişaf yoludur, amma insanların özlərində də həvəs olmalıdır. Başqa alternativ variantı yoxdur. 7 ildir, "Sahibkar saatı" verilişini aparıram. Hər həftə şənbə günü axşam 22:00-da "CBC Azərbaycan" kanalında kiçik və orta sahibkarları göstəririk. Onlar öz həyatlarından, bizneslərindən danışırlar, təkliflər verirlər. Hər biri problemin kadr məsələsində olduğunu deyirlər. Yaxşı işçi tapa bilmirlər. Təkcə diplomu yox, həvəsi olan kadrlar da lazımdır. Bu gün Azərbaycanda orta və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara cəmiyyətdə, iqtisadiyyatda 5-6 dəfə çox ehtiyac var. Rəqəmlərə başqa ölkələrdə də baxmışam, müqayisə etmişəm. Kifayət qədər insan individual işlərlə məşğul olur", - R.Quliyev bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 21 Noyabr 2024, 13:54   
Seçilən
18
pravda.az

1Mənbələr