2050-ci ilə qədər 236 milyon qadın və azyaşlı qız qida çatışmazlığı ilə üzləşəcək. 158 milyon qadının isə yoxsullaşacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə COP29-da BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri Сemima Njuki jurnalistlər üçün keçirilən mətbuat konfrasında deyib.
O, iqlim dəyişikliyinin qadınlara və azyaşlı qızlara qarşı zorakılıq hallarını artırdığını bildirib. Сemima Njuki ailələrin aclıq çəkdiyini, qida ehtiyaclarının artdığını vurğulayıb, bununla əlaqədar olaraq erkən və məcburi nikahların artdığını, qadınların və qızların daha çox qida təhlükəsizliyi ilə qarşı-qarşıya qaldığını qeyd edib.
Sədr iqlim maliyyələşməsi ilə bağlı müzakirələr zamanı, bu maliyyənin miqdarı ilə yanaşı, keyfiyyətinə də diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb. Cemima Njuki iqlim maliyyələşməsinin gender bərabərliyini nəzərə alaraq yerinə yetirilməli olduğunu bildirib:
“Hazırda adaptasiya sahəsində yalnız 4 faiz, mitiqasiya sahəsində isə yalnız 2 faiz maliyyə gender bərabərliyinə yönəldilir. 2022-ci ildə 600 milyard dollar maliyyənin yalnız 20 milyard dolları gender bərabərliyinə ayrılıb”, - deyə, o, qeyd edib.
Cemima Njuki iqlim dəyişikliklərinin qadınlar və azyaşlı qızlar üzərində fərqli təsir yaratdığını nəzərə alaraq, bu qeyri-bərabərlikləri aradan qaldırmaq üçün maliyyə istiqamətinin dəyişməli olduğunu bildirib. O, həmçinin, maliyyənin yerli təşkilatlara, qadınlara, yerli xalqlara, feminist hərəkatlara, gənclər təşkilatlarına və gənclər tərəfindən idarə olunan təşkilatlara yönəldilməsinin vacibliyini vurğulayıb.