AZ

"Big Mac indeksi"

"Big Mac indeksi", dünyanın müxtəlif ölkələrində McDonald's-ın “Big Mac” hamburgerinin qiymətini müqayisə edərək valyutaların real dəyərini ölçən qeyri-rəsmi göstəricidir. Ona görə də indeksi sadəcə McDonald`s şəbəkəsinin mövcud olduğu ölkələr üzrə hesablamaq mümkündür.

Bu indeks 1986-cı ildən "The Economist" jurnalında yayımlanmağa başlanıb. "Big Mac indeksi", fərqli ölkələrdə eyni məhsulun qiymət fərqlərini nəzərə alaraq valyutaların dəyərinin şişirdilmiş və ya ucuz olub-olmadığını göstərir. İndeks, alıcılıq qabiliyyəti pariteti (Purchasing Power Parity - PPP) nəzəriyyəsinə əsaslanır.

Bu göstərici, qlobal iqtisadiyyatda valyuta bazarlarını daha yaxşı anlamağa kömək edir. İndeksin hesablanmasında "Big Mac"-ın ABŞ-dakı dəyəri baza olaraq götürülür.

Məsələn, 2024-cü ilin iyul ayı göstəricilərinə əsasən "Big Mac" Azərbaycanda 6.15 manat, ABŞ-da isə 5.69 dollar olub. Bu göstəricilərə əsasən məzənnə 1.08 (6.15/5.69) olmalı olduğu halda faktiki məzənnə 1.70 səviyyəsində olub. Bu iki məzənnə arasındakı fərq manatın realda 36.4% (100% - (1.08/1.70)) dəyərsiz olduğunu göstərir.

Qeyd: 2024-cü ilin iyul ayı göstəriciləri üzrə indeksə əsasən dollar qarşısında ən dəyərli valyuta İsveçrə frankı (7.10 İsveçrə frankı və 5.69 ABŞ dolları), ən dəyərsiz isə Tayvan dolları (75 Tayvan dolları və 5.69 ABŞ dolları) olmuşdur.

Müəllif: Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı Elvin Nəsibov

Müəllif haqqında qısa məlumat:

Elvin Nəsibov 12 iyul 1995-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində iqtisadiyyat üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) isə dövlət və bələdiyyə idarəetməsi sahəsində magistr dərəcəsi almışdır. Hər iki dərəcəni fərqlənmə diplomu ilə əldə etmişdir. Hazırda UNEC-də ümumi iqtisadiyyat ixtisası üzrə doktorantura təhsilini davam etdirir.  

Müəllif beynəlxalq proqram və təlimlərdə də iştirak etməklə öz bilik və təcrübələrini artırmağa çalışır. O, 2012-ci ildə ABŞ-nin Arizona ştatında Gənclərin Liderlik Mübadilə Proqramının, 2019-cu ildə isə Çinin Pekin şəhərində təşkil olunan “Bir kəmər, bir yol təşəbbüsünə qoşulan ölkələrdən biznes mütəxəssisləri üçün seminar”ının iştirakçısı olmuşdur.

Elvin Nəsibov Veysəloğlu Şirkətlər Qrupu, ABAD, YAŞAT Fondu, Qarabağ Dirçəliş Fondu kimi qurumlarda çalışmışdır.

Müəllif şəxsi LinkedIn hesabında davamlı olaraq iqtisadi mövzuların sadə üslubda izahı istiqamətində yazılar paylaşır. Yazıların bir hissəsi eyni zamanda FED.az saytında da yayımlanır.

Seçilən
4
fed.az

1Mənbələr