Küveyt Universitetində keçirilən mədəniyyət sərgisində “Azərbaycan guşəsi” yaradılıb. Bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib.
Küveyt Dillər Mərkəzinin, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin, habelə Azərbaycanın Küveytdəki Səfirliyinin dəstəyi ilə azərbaycanlı tələbələr sərgidə milli geyimlərimizdə iştirak edib.
Tədbirin açılışına Küveytin təhsil naziri, professor Nadir əl-Calal, səhiyyə naziri, professor Dr. Əhməd əl-Avadi, həmçinin Küveyt Universitetinin professor və müəllimləri, bir sıra icmaların rəhbərləri və dövlət rəsmiləri qatılıb.
Guşədə Azərbaycanın zəngin milli mətbəxinə və turizm potensialına aid şəkil və videolar, suvenirlər, milli musiqilərimiz, musiqi alətlərimiz nümayiş olunub. Sərgi çərçivəsində iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın mədəniyyəti yerli ictimaiyyət tərəfindən maraq və sevgi ilə qarşılanıb.
Bundan başqa, azərbaycanlı tələbələr “Qarabağ şikəstəsi”, “Sarı Gəlin” və türk tələbələrlə birgə “Çırpınırdın, Qara dəniz” mahnılarını oxuyublar.
Tədbirin sonunda iştirakçılara Azərbaycan mətbəxindən ləziz təamlar təqdim olunub.
P.ƏMİRCANOV
XQ