AZ

Macarıstan iqlim maliyyələşməsi məsələsində Azərbaycanın liderliyinə ümid edir

COP29 çərçivəsində Trend BİA "COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Macarıstanın Energetika Nazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştaynerd COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində Azərbaycana qonaqpərvərliyə və konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

"Burada inanılmaz dərəcədə isti münasibəti hiss edirik", – deyə o vurğulayıb.

A.Ştayner konfransın yekun mərhələsində iştirakçıların gözləntilərinin xeyli artdığını qeyd edib.

"Əlbəttə, müəyyən irəliləyişlər əldə olunub, xüsusilə də Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinə dair məsələlərdə. Bu, önəmli bir irəliləyişdir. Lakin əsas məsələ – iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi hələ də açıq qalır. Biz bu sahədə Azərbaycanın liderliyinə böyük ümidlər bəsləyirik və COP29-un balanslaşdırılmış və səmərəli nəticələrini gözləyirik", – o bildirib.

A.Ştaynerin sözlərinə görə, Macarıstan COP29-dan iqlim dəyişikliyinə effektiv cavab vermək üçün zəruri olan ambisiyalı maliyyə öhdəliklərinin qəbulunu gözləyir.

"Iqlim dəyişikliyinin təsirlərini azaltmaq barədə unutmaq olmaz. Bu, Dubayda keçirilən əvvəlki konfransın əsas mövzusu idi və bizim üçün bu istiqamətdə irəliləmək çox vacibdir. Bundan əlavə, 6-cı maddə çərçivəsində karbon bazarları ilə bağlı məsələlərin həlli mühüm nailiyyət olardı. Bu, iqlim böhranı ilə mübarizə sahəsində qlobal səyləri əhəmiyyətli dərəcədə gücləndirə bilən konkret bir bazar mexanizmidir", – deyə o vurğulayıb.

O qeyd edib ki, Avropa Şurasına bu il sədrlik edən Macarıstan COP29 çərçivəsində Azərbaycan sədrliyi ilə daimi əlaqə saxlayır.

"Bu, çox uğurlu bir təsadüfdür və sıx əməkdaşlıq qurmağa imkan verir. Biz COP29 prezidenti, nazir Muxtar Babayev və baş müzakirəçi Yalçın Rəfiyevlə müntəzəm və məhsuldar fikir mübadiləsi aparırıq. COP29 çərçivəsindəki fəaliyyətimizdən əlavə, əməkdaşlığımızın əsas istiqaməti "yaşıl" enerjinin inkişafıdır. Xüsusilə, Macarıstan, Rumıniya, Bolqarıstan, Gürcüstan və Azərbaycanı birləşdirən "Yaşıl Enerji Dəhlizi" təşəbbüsü uğurlu tərəfdaşlığın parlaq nümunəsidir. Bu layihə regionumuzun bərpa olunan enerji sahəsində mühüm irəliləyişlər əldə edə biləcəyini nümayiş etdirir", – deyə A.Ştayner vurğulayıb.

Macarıstan dövlət katibi əlavə edib ki, Avropa İttifaqı da öz yenilənmiş milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDC) təqdim edəcək.

"Biz artıq hər bir üzv dövlətin töhfəsi əsasında Avropa İttifaqının ümumi töhfəsini hazırlama prosesinə başlamışıq. Yaxınlarda Avropa Komissiyasına 2030-cu ilə qədər nail olmaq istədiyimiz konkret məqsədləri özündə əks etdirən Milli Enerji və İqlim Planımızı təqdim etdik. Məncə, bu, müzakirələr üçün əla bir əsasdır. Bununla yanaşı, Mərkəzi və Şərqi Avropanın kiçik bir ölkəsi olaraq, qonşularımıza da diqqət yetiririk. Xüsusilə, Qərbi Balkanlar bizim üçün mühüm rol oynayır. Gələcəkdə onların dekarbonizasiya prosesinə kömək etməli olduğumuzu düşünürəm", – deyə A.Ştayner bildirib.

O əlavə edib ki, Avropa dünya karbon emissiyalarının yalnız 6 faizinə, Macarıstan isə 2 faizinə cavabdehdir.

"Bu, qlobal miqyasda kiçik bir paydır. Lakin bu, bizi məsuliyyətdən azad etmir. Biz öz payımıza düşəni etməli və qonşularımıza kömək göstərməliyik", – deyə o fikrini tamamlayıb.

Seçilən
15
3
qaynarinfo.az

4Mənbələr