Yaxınlarda postunu Tomas Tuxelə təhvil verəcək Li Karslinin çalışdırdığı komanda evdəki məğlubiyyətin əvəzini çıxmalıydı. Odu ki, Uotkinsin artıq 7-ci dəqiqədə vurduğu erkən qol oyunun sonrakı xarakterini müəyyənləşdirdi. Yunanlar yarım saatın tamamında hesabı bərabərləşdirə bilərdi, ancaq Pikford Simikasın əlverişli mövqedən zərbəsini zərərsizləşdirdi. 2-ci hissənin əvvəlində artıq ingilislər iki dəfə fərqi artırmağa yaxın oldu. Lüisin zərbəsinin öhdəsindən Vlahodimos gəldi, Bellingem isə topu dirəyə vurdu.
Yovanoviçin əvəzetmələrindən sonra yunanlar bir qədər fəallaşdı. Sonradan meydana çıxan İoannidis yaxşı imkanı qaçırdı, daha doğrusu, Pikford yenə etibarlı oynadı. Sona 12 dəqiqə qalmış oyunun taleyinə aydınlıq gəldi. Sürətli əks-hücum zamanı Bellingemin zərbəsindən sonra dirəkdən dönən top Vlahodimosa toxunub tora düşdü. Yunanlar tezliklə 3-cü qolu da buraxdı – yenicə oyuna qoşulan Gibbs-Uaytdan ötürmə alan Con dabanı ilə topu tora göndərdi. “Üç şir” “Uembli”də oktyabrda yaşadığı fiaskonun əvəzini artıqlamasayla çıxaraq zirvəni ələ keçirdi. Çətin ki, Karslinin komandası bundan sonra liderliyi əldən verə.
Dublində isə İrlandiya ilə Finlandiyanın taleyi həll olundu. İlk yarıda meydan sahiblərini iki dəfə dirək xilas etdi. Hissənin sonunda Ferqyuson İrlandiyanı önə keçirdi. Düzdü, finlər 77-ci dəqiqədə hesabı bərabərləşdirmək üçün əla imkan qazandı. Ancaq Kelleher Pohyanpalonun zərbəsini dəf etməklə komandasının qələbəsini qorudu. Finlər bu liqanı tərk etdi. İrlandiyanı isə C liqasında 2-ci yeri turan komandalardan biri ilə pley-off oyunu gözləyir.
B liqası, 2-ci qrup
Yunanıstan – İngiltərə 0:3 (0:1)
Yunanıstan: Vlahodimos, Simikas (Pelkas, 56), Kulierakis, Mavropanos, Rota, Zafeyris, Siopis (Mandalos, 81), Tzolis, Bakasetas (İoannidis, 56), Masuras (Konstantelias, 70), Pavlidis (Yannulis, 56).
İngiltərə: Pikford, Lüis, Konsa (Holl, 46), Qehi, Uoker, Cons, Qallaher (Gibss-Uayt, 78), Qordon (Keyn, 66), Bellingem, Madueke (Bouen, 66), Uotkins (Rocers, 66).
Qollar: Uotkins, 7 (0:1). Vlahodimos, 78-öz qapısına (0:2). Cons, 82 (0:3).
Vərəqələr: Bellingem, 11. Qallaher, 11. Masuras, 22. Pikford, 27. Zafeyris, 62 – sarı.
Hakim: Daniel Zibert (Almaniya).
14 noyabr. Afina. 60664 tamaşaçı.
İrlandiya – Finlandiya 1:0 (1:0)
İrlandiya: Kelleher, O”Dauda, Skeyls, Kollinz, Doherti (D.O”Şi, 76), Conston (Kennon, 85), Nayt, Kallen, Ebosele (Molumbi, 76), Şmodiks (Menninq, 85), Ferqyuson (Eyzas, 76).
Finlandiya: Qradetski, Uronen (Hokans, 64), İvanov, Hoskonen, Alho (Pukki, 84), Peltola (O”Şonessi, 58), Lod, Kamara, Antman (Pohyanpalo, 64), Kelman (Niskanen, 84), Kayrinen.
Qol: Ferqyuson, 45.
Pohyanpalo 77-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: O”Dauda, 4. Nayt, 12 – sarı.
Hakim: Harm Osmers (Almaniya).
14 noyabr. Dublin. 39163 tanaşaçı.
Oyundan sonra
İvan Yovanoviç, Yunanıstan yığmasının baş məşqçisi:
“Bu gün yetərincə yaxşı oynamadıq. İngiltərə qələbəni haqq etdi. Rəqibə hədsiz çox boş zona verdik və o da bundan yararlandı. 2-ci hissədə isə topa daha çox nəzarət edib qol vəziyyətləri yaratsaq da, ingilislər bizi səhvlərimizə görə cəzalandırdı”.
Li Karsli, İngiltərə yığmasının baş məşqçi əvəzi:
“Oyunçulatın güclü tərəflərini göstərməsi vacib idi. Çoxlu səviyyəli futbolçumuz var. Bir çoxu bizə yardım edə bilməsə də, qələbə qazandıq”.