AZ

"Rusiya Dneprə qitələrarası ballistik raket atıb" - Kiyev

Ukrayna Hərbi Hava Qüvvələri iddia edir ki, Rusiya Dnepr şəhərinə qitələrarası ballistik raket (ICBM) atıb. Əgər bu təsdiqlənərsə, belə bir silah ilk dəfə silahlı münaqişədə istifadə edilmiş olacaq.

Ancaq bu iddia hələ təsdiqlənməyib. "ABC News"un qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, Ukraynanın iddiası şişirdilib. Rusiya tərəfindən atılan raketin, böyük ehtimalla, qısa mənzilli ballistik raketlərdən biri olduğu bildirilib.

Bəzi mənbələr isə RS-26 "Rubej" ballistik raketindən istifadə olunduğunu, amma raketə adi başlıq taxıldığını bildirir. 

Azərbaycanlı siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, bununla Putin Qərbə xəbərdarlıq edir: 

"Nüvə başlığı daşımaq üçün nəzərdə tutulan bu tip çox bahalı raketi konvensional başlıqla tətbiq etməklə Putin nüvə zərbəsi endirə biləcəyi barədə Qərbə xəbərdarlıq siqnalı göndərir. Dünən axşam isə Ukrayna Rusiya ordusunun Kursk vilayətindəki komanda məntəqəsini "Storm Shadow" raketləri ilə vurmuşdu. Tərəflər Trampın gəlişinə hazırlaşır. Yanvarın 20-nə qədər eskalasiyanın dərəcəsinin daha da yüksəlməsi ehtimalı var".

Rusiya tərəfinin bəyanatları

Rusiya Hərbi Hava Qüvvələri Həştərxan vilayətindən  Dnepr şəhərinə səhər saat 5:00-dan 7:00-a qədər doqquz mərmi atıldığını açıqlayıb. Hücumun əsas hədəfi Dneprdəki kritik infrastruktur olub. Əgər bu məlumat dəqiqdirsə, raketlərin təxminən 800 km məsafə qət etdiyi ehtimal edilir. 

Ukraynanın Hərbi Hava Qüvvələri bildirib ki, hücumda iştirak edən doqquz mərmidən altısı hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Raketlərdən biri isə hədəfə çatmayıb. İnsan tələfatı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Beynəlxalq reaksiyalar və narahatlıqlar

Böyük Britaniyanın müdafiə naziri Con Hili (John Healey) parlamentdə çıxışı zamanı bu barədə media xəbərləri ilə tanış olduğunu, lakin məlumatların təsdiqlənmədiyini vurğulayıb. ABŞ isə Rusiyanın bu hücumla bağlı qitələrarası ballistik raket istifadə edib-etmədiyini diqqətlə izləyir. 

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın telefon danışığında "raket hücumu barədə şərh verməmək" tapşırığı aldığı bildirilir. Bu söhbət təsadüfən mikrofon vasitəsilə yayımlanıb və "Yujmaş" hərbi obyektinin hədəf alındığı qeyd olunub.

Qitələrarası ballistik raketlər və nüvə təhlükəsi

Qitələrarası ballistik raketlər 1950-ci illərdə soyuq müharibə dövründə ABŞ və Sovet İttifaqı tərəfindən inkişaf etdirilib. Rusiyanın arsenalında 326 ICBM olduğu bilinir. Bu silahların 10,000 km-dən çox məsafəni qət etmə qabiliyyəti var və nüvə başlığı daşıya bilirlər. Amma bu günə qədər müharibə şəraitində belə silahlar istifadə edilməyib.

Ekspertlər raketin növünün dəqiq müəyyən edilməsi üçün daha çox məlumatın lazım olduğunu bildirir. Rusiyanın nüvə silahları üzrə eksperti Pavel Podviq ehtiyatlı olmağı tövsiyə edib: "ICBM-lərin döyüş şəraitində istifadəsi hərbi baxımdan səmərəsizdir, lakin bu cür addım siyasi mesaj daşıya bilər."

ABŞ və Ukrayna arasında raket əməkdaşlığı

Bu həftə ABŞ və Böyük Britaniya Ukraynaya "Atacms" və "Storm Shadow" raketlərindən istifadə etməyə icazə verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın bu addıma "müvafiq şəkildə" cavab verəcəyini bəyan edib.

ABŞ-ın Kiyevdəki səfirliyi çərşənbə günü bağlanıb. Bu addım "potensial böyük hava hücumu" barədə xəbərdarlıqla əlaqədar atılıb.

Aydın
Seçilən
11
16
qaynarinfo.az

10Mənbələr