AZ

"Paşinyan hakimiyyətini qorumaq üçün bu addımı atır" - Politoloq

Ermənistan hökumətində eləcə də ölkə parlamentində istefalar başlayıb. Artıq bir neçə deputat və komitə sədrlərinin işinə öz istəkləri ilə xitam verilib. 

İstefaların səbəbi nədir və yeni parlament ölkəyə hansı istiqamətdə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, Paşinyan hakimiyyəti yeniləməklə, öz yerini gücləndirir.

"Son vaxtlar Ermənistanda istefalar dalğası davam edir. Onun əvvəlinə qayıtsaq, Ermənistan hökumət başçısı bir sıra nazirlərə, xüsusilə də güc nazirlərinə öz etirazını, narazılığını bildirmişdi. Sonradan onların istefa ərizəsi yazmalarını xahiş elədi. İndi bu istefalar, parlamenti də əhatə edir. Yəni söhbət ondan gedir ki, Paşinyan sanki bir dizayn içərisindədir, hökumətin hakimiyyətini yeniləyir. Yəqin ki, burada mütləq kənar təsirlər, Rusiya, Qərb və başqa ölkələrin hansısa diktələri var. Paşinyan qarşıdan gələn seçkilərə də hazırlıq görür. O, hakimiyyətini qorumaq üçün komandasını yeniləyir, həm qanunverici, həm icra hakimiyyətində bir sıra dəyişikliklər və kollektlər həyata keçirir". 

Politoloqun sözlərinə görə, Ermənistanda Paşinyanın nüfuzu aşağı düşüb.

"Onu qoruyan, himayə edən güclərin kadrlarla bağlı yeni təklifləri olur. Bunların hamısı Paşinyanı hakimiyyətdə saxlamaq üçündür. Yəqin ki, ictimai rəy, Ermənistan cəmiyyətinin mövqeyi də nəzərə alınır. İndi heç kimə sirr deyil ki, Paşinyanın nüfuzu, imici kifayət qədər zəifləyib, reytinqi aşağıdır. Onun bəxti orda  gətirib ki, müxalifətin də bir reytinqi yoxdur. Yəni alternativ rəqibləri özündən də hörmətsiz və nüfuzsuzdur.  Bu güclə qarşıdakı siyasi proseslərdə uğur qazanmaq çətindir. Ona görə komandada dəyişikliklər edir. 

Hər halda bütün bu baş verənlər sülh sazişinə təsir etməz. İlk olaraq, sülh sazişi ilə bağlı dəqiq qərar yoxdur və burda parlamentdənsə, xarici qüvvələr rol oynayır".

Türkan İSGƏNDƏRLİ

Seçilən
5
redaktor.az

1Mənbələr