Olaylar xəbər verir ki, bu barədə UNESCAP-ın ətraf mühit məsələləri üzrə əməkdaşı Aneta Nikolova COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Keçən cümə biz əvvəlki Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC), yaxud bizim adlandırdığımız kimi NDC 2.0-a əsaslanan həllərə diqqət yetirən bir hesabat yayımladıq.
Əsas diqqət enerji keçidi məsələlərinə yönəlib: bərpa olunan enerjinin payının artırılması, bu sektorda iş yerlərinin yaradılması, qalıq yanacaqlardan və onlara verilən subsidiyalardan tədricən imtina.
Həmçinin, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ona uyğunlaşmaya dair inteqrasiya olunmuş yanaşmalar nəzərdən keçirilir ki, bunlar 6.8-ci Maddə çərçivəsində yeni adaptasiya maliyyələşdirmə mexanizmi ilə yaxşı uyğunlaşdırılır.
Bu mexanizm Afrika İnkişaf Bankı tərəfindən təşəbbüs edilib və biz onu bölgəmizdə adaptasiya layihələrinin maliyyələşdirilməsi və qlobal adaptasiya məqsədlərinin dəstəklənməsi üçün tətbiq etməyi hədəfləyirik", - deyə o bildirib.
A.Nikolova, həmçinin, qeyd edib ki, Asiya və Sakit Okean regionunda kiçik dayanıqlı iqlim təşəbbüslərinin həyata keçirilməsi üçün geniş layihələr və imkanlar təqdim edən bir portal yaradılıb.
"Bundan əlavə, keçən həftə enerji keçidi məsələlərinə həsr olunmuş çoxsaylı Nazirlər Dialoqları təşkil etdik, dünən isə BMT-nin regional komissiyalarındakı həmkarlarımızla birlikdə dayanıqlı nəqliyyat mövzusunda müzakirələr apardıq", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.