AZ

Avropa İnsan Hüquqları Məhkəməsi "Azadlıq" qəzetinin və jurnalist Ramin Dekonun hüquqlarının pozulduğunu tanıyıb

Noyabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi "Azadlıq" qəzetinin və onun keçmiş əməkdaşı Ramin Cəbrayılzadənin (Ramin Deko) ifadə azadlığının pozulmasına dair şikayət üzrə qərarı elan edib.

Şikayət 2012-ci ildə Bakının iri ticarət mərkəzlərindən birinin sahibinin iddiası əsasında yazıya görə redaksiyaya və jurnalistə cərimə tətbiq edilməsilə bağlı olub.

Yazıda Ticarət Mərkəzinin rəhbərliyinin icarədarlarla qanunsuz işgüzar əlaqələrindən bəhs edilib,  aihmaz.org hüquqi məlumat saytı bildirir.

Redaksiya 30 min manat, jurnalist isə 2 min manat cərimə edilib. Yuxarı məhkəmə instansiyaları cavabdehlərin şikayətini təmin etməyiblər və onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında qeyd olunur ki, yerli məhkəmələr məqalədə göstərilən faktları araşdırmayıblar və onların baş verib-vermədiyini aydınlaşdırmayıblar.

Ərizəçi Cəbrayılzadə ona təqdim olunan faktları yoxlamaq üçün Ticarət Mərkəzinin rəhbərliyilə əlaqə saxlamağa çalışıb.

Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin nəzərə alıb ki, 2011-2013-cü illərdə həmin  Ticarət Mrrkəzində icarə haqqının artırılmasına etiraz olaraq aksiyalar keçirilib və bu, yerli KİV-də işıqlandırılıb,

Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edib ki, yerli məhkəmələr 32 min manat cərimə tətbiq ediblər, lakin  onu əsaslandırmayıblar ki, bu da cəzanın mütənasibliyini şübhə altına alır.

Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozulduğunu müəyyən edib və Cəbrayılzadəyə 2 min avro və məhkəmə xərclərinin ödənilməsi üçün hər iki ərizəçiyə 1500 avro kompensasiya təyin edib.

* 22 oktyabr 2012-ci il tarixində Yasamal Rayon Məhkəməsi "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın "Azadlıq" qəzetinə və onun əməkdaşı Ramin Dekoya qarşı iddiasını təmin edib. Məhkəmənin qərarına əsasən, qəzet mənəvi ziyana görə kompensasiya kimi  30 min manat (o vaxtkı məzənnə ilə 38 min dollara yaxın), reportyor isə 2 min manat (2,5 min dollara yaxın) ödəməliydi. Sonradan bu vəsaitlər məhkəmə icraçıları tərəfindən redaksiyanın hesabından tutulub.

İddiaya 7-8 iyul və 9 iyul 2012-ci il tarixlərində  müxalifətyönlü "Azadlıq"  qəzetində dərc olunmuş “Kəbirə Məmmədovanın "Eurovision əməliyyatı" adlı məqalələr səbəb olub. Həmin məqalələrdə deyilirdi ki, "Eurovision 2012" mahnı müsabiqəsindən sonra Kəbirə Məmmədova "Binə" Ticarət Mərkəzinin icarədarlarından 5 min manat (6,3 min dolarla yaxın) ödəməyi tələb edib və bunu "Eurovision" müsabiqəsinin maliyyələşdirilməsilə əlaqədar “Binə” Ticarət Mərkəzinin böyük xərcə düşməsilə əsaslandırıb. Kəbirə Məmmədova bu yazılarla razılaşmadığını bildirib  və onların Ticarət Mərkəzinin işgüzar nüfuzuna və şəxsən onun imicinə xələl gətirdiyini hesab edib.

Seçilən
4
turan.az

1Mənbələr