AZ

Vətəndaşlar hibrid və elektrikli nəqliyyat vasitələrinə daha çox üstünlük verir -AÇIQLAMA

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 milyard 484 milyon 417 min ABŞ dolları dəyərində 74 723 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.              
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8% və ya 6 483 ədəd azalıb, dəyəri isə 8% və ya 110.4 milyon dollar artıb.
2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 374 milyon ABŞ dolları dəyərində 81 206 ədəd avtomobil idxal edilib.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a söyləyib ki, 2023-cü ilin yanvarından ölkəyə istehsal tarixi 10 ildən çox olan avtomobillərin idxalına qadağa qoyulub:                        

"Hazırda vətəndaşlar hibrid və elektrikli nəqliyyat vasitələrinə daha çox üstünlük verir. Onlarin isə yeni olduğu üçün qiyməti yüksəkdir. Təbii ki, 10 il bundan qabağ istehsal olunan avtomobillə yeniləri arasında qiymət fərqi böyükdür. Nəzərə almaq lazımdır ki, hazırda bazarda elektrikli və hibrid avtomobillərə təlabat çoxdur. Ümumiyyətlə qiymətin baha olduğuna və köhnə avtomobillərə qadağa qoyulduğuna görə idxal səviyyəsi aşağı düşüb. Bu mənada maşın bazarı yenilənməlidir. İndiyə qədər ölkəyə köhnə maşınlar gətirilirdi. İndiki halda yaxşı olar ki, vətəndaşlar təhlükəsiz, komfort avtomobil alsınlar. Niyə Avropa, Amerika və yaxud Koreyanın işlənmiş, köhnə avtomobillərini alaq? Fikrimcə, bu tendensiya hələ davam edəcək. Lakin qiymətlər nisbətən ucuzlaşacaq və münasib dəyərdə yeni avtomobillər alıcılara təklif olunacaq. Bu zaman vəziyyət  stabilləşəcək. Yəni, idxal olunan nəqliyyat vasitələrinə xərclənən pulun miqdari kifayət qədər azalacaq".
Seçilən
33
sherg.az

1Mənbələr