Azərbaycan Vəkillər Kollegiyası (ARVK) İqlim Komitəsinin yaradılması üzərində işləyir.
Valyuta.az xəbər verir ki, COP29 çərçivəsində “Milli çərçivələrdən kənar: Hüquqi yanaşmalar vasitəsilə ambisiyaları artıran hüquqşünaslar və hüquq birlikləri” adlı paneldə çıxışı zamanı Azərbaycan Vəkillər Kollegiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə deyib.
O bildirib ki, bu Komitə iqlimlə bağlı hüquqi problemlərin həlli üçün xüsusi platforma rolunu oynayacaq.
Gözəl Hüseynzadə qeyd edib ki, ARVK təhsil sahəsində hazırda hərtərəfli davamlı ekoloji və iqlim hüququ proqramı hazırlayır. Bu proqram hüquqşünasların ekoloji problemlərin müxtəlif sahələrlə necə kəsişdiyi barədə anlayışını artırmaq məqsədi daşıyır.
“Ətraf mühit şüuruna sadiqliyini daha da əks etdirən ARVK öz ofislərində resursların məsuliyyətli idarə edilməsini təşviq edən təkrar istifadə edilə bilən batareya və kağız qutuları kimi praktiki tədbirlər tətbiq edib. Hüquqşünaslar gələcək nəsillər üçün daha təmiz, daha sağlam ətraf mühitin yaradılmasına sadiq olduqlarını vurğulayaraq, dəniz kənarının təmizlənməsinə də öz töhfələrini veriblər- ARVK-nin departament rəhbəri əlavə edib.