AZ

Meşələrin qorunması üçün çağırış edildi — AÇIQLAMA

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “İqlim, Təbiət və İnsanlar üçün Meşələr: Meşələr üçün iqlim maliyyələşdirilməsi" adlı yüksək səviyyəli görüşdə meşələrin məhv edilməsinə diqqət çəkib. O qeyd edib ki, meşələrin qırılması və ekosistemlərin deqradasiyasına qarşı siyasəti gücləndirmək lazımdır. U.Tağıyeva bildirib ki, buna nail olmaq üçün innovativ maliyyələşdirmə mexanizmlərini səfərbər etmək, şəffaflığı artırmaq, əməkdaşlığı gücləndirmək, hərtərəfli qlobal məlumat və bilik mərkəzi yaratmaq vacibdir. Nazir müavini meşələrin bəşəriyyət üçün qorunub saxlanılmasına çağırış edib: “Kollektiv fəaliyyət və gücləndirilmiş tərəfdaşlıq vasitəsilə biz meşələrin iqlim, təbiət və insanlar üçün tam potensialını aça bilərik".

Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının ərazisinin təxminən 11 faizi meşələrlə örtülüdür:
 
“Ən iri meşə massivləri Böyük Qafqazın cənub yamacında Balakəndən Şamaxıya qədər olan ərazidə yerləşir. Burada meşə örtüyü təxminən 15-18%-dir. Erməni işğalı dövründə indiki azad edilmiş torpaqlarda meşələrin bir qismi məhv edilmişdi. Bəzi ərazilərdə xaricdən meşə sıx görünür, amma daxili hissələrdə ağaclar seyrəkdir və boş ərazilər mövcuddur. Bu ərazilər əkinçilik məqsədilə istifadə olunur, kartof əkilir, meyvələr yetişdirilir”. 

Ekspertin sözlərinə görə, iqlim dəyişikliyi, istiləşmə, quraqlıq meşələrin təbii bərpasını çətinləşdirir:

“Ağacların suvarılmağa ehtiyacı var. Son illərdə xeyli sayda ağac əkilib ama baxımsız qaldığı üçün bəzi yerlərdə əkilmiş ağaclar quruyub. Abşeron yarımadasında bu vəziyyət müşahidə edilir. Ağacların kəsilməsi də meşələrə ziyan vurur. 

Vaxt var idi ki, Azərbaycan ərazisinin 36 faizi meşələrdən ibarət idi. Meşələrin azalmasına səbəb olan digər mühüm amil qaz məsələsidir. Hələ də bəzi kəndlərdə qaz təchizatı olmadığı üçün insanlar məcbur qalıb ağacları kəsirlər. Ağacların kim tərəfindən, hansı məqsədlə kəsildiyini müəyyən etmək çətin deyil. Azərbaycanda mebel istehsalı meşələrin məhvinə səbəb olur, ağaclar kəsilib mebel sexlərinə aparılır. Bundan başqa restoranlar kömür ehtiyacını qarşılamaq üçün ağacların cavan budaqlarınından istifadə edirlər. Təbii qazonları uşaqlar futbol oynamaqla məhv edirlər. Ağaclara daim qulluq olunmalı, onlar zərərvericilərdən təmizlənməlidir. Meşələr bizim ağ ciyərlərimiz, bizi oksigenlə təmin edən əsas mənbədir. Meşələri, ağacları, yaşıllıqları qorumaq həyatları qorumaq, sağlam yaşam deməkdir”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
30
demokrat.az

1Mənbələr