Nurəddin Mehdixanlı: “Tarixdə qalmaq üçün xalqa can yandırmağı, xalqın qeydinə qalmağı bacarmaq lazımdır”
“Bu gün varlı iş adamlarımız çoxdur, amma onların içindən Hacı Zeynalabdin Tağıyev çıxmır”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, iş adamları vətənpərvərliklə bağlı, tariximizlə bağlı filmlərin çəkilməsinə, əsərlərin yazılmasına dəstək vermir, bu prosesdə fəal iştirak etmirlər:
“Bu gün elə iş adamlarımız var ki, onlar vətənpərvərliklə, tariximizlə bağlı onlarla filmi ən yüksək səviyyədə maliyyələşdirə bilər. Lakin ortaya çıxmalıdır. Halbuki, onlar öz pllarının bir qismini bu cür faydalı, əhəmiyyətli işlərə sərf etməlidirlər. Onsuz da o pullar ora-bura sərf olunur. Bunun bir qismini vətənin, xalqın maraqlarına sərf etmək daha faydalı, daha önəmli, daha mənalı olar.
Hacı Zeynalabdin Tağıyev öz sərvətinin bir qismini xalq üçün xərclədi. Buna görə də bu gün onun adı tarixdə yaşayır, hörmətlə yad edilir. Əgər kimsə sabah xatırlanmaq istəyirsə, bu gün vətən üçün, xalq üçn nə isə eləməlidir. Bunsuz heç kim xatırlanmağa, yad edilməyə ümid etməsin!”
Seymur ƏLİYEV