AZ

Şəfiqə Kutluer: Festivalımızın açılışının Qarabağ Zəfərinə həsr edilməsi məni çox qürurlandırır

İstanbulun məşhur Sureyya Operasında Qarabağ Zəfərinə ithaf olunan və dərin məna daşıyan konsert proqramı ilə tamaşaçıların qarşısına çıxdıq.

Azərbaycanlı dünyaşöhrətli dirijor Yalçın Adıgözəlov ilə birlikdə “Dədə Qorqud” kamera orkestrinin müşayiəti ilə olduqca dəyərli bəstəkarların əsərlərinin yer aldığı uğurlu proqram təqdim etdik. Artıq 15 ildir “Şərq Qərblə görüşür” mövzusunda festivallar təşkil edirəm. Bu proqram da builki festivalın açılış konserti oldu. Festivalımızın açılışının məhz Qarabağ Zəfərinə həsr edilməsi məni çox qürurlandırır. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağ Zəfərinin ildönümü münasibətilə İstanbulda keçirilən konsert proqramının solisti, dünyaşöhrətli fleyta ustası, Türkiyənin dövlət solisti Şəfiqə Kutluer ifadə edib.

“Bundan əvvəl Şuşaya həsr olunan proqramla tamaşaçılar qarşısında çıxış etmişdim, hazırda isə Zəfər konsertində ifa edirəm. Növbəti belə proqramımız Ankarada olacaq. Xalqımızın bu konsertə göstərdiyi böyük marağı çox böyük məmnunluqla vurğulamaq istərdim. Satışa çıxarılan bütün biletlərimiz artıq çoxdan tükənib. “Bir millət, iki dövlət” olaraq biz bununla Can Azərbaycanın Türkiyə xalqı üçün əhəmiyyətini bir daha göstərdik. Ölkələrimiz arasındakı sıx əlaqələrin hər sahədə daha da möhkəmlənməsini, xalqlarımızın daha da birləşməsini arzulayıram. Mən bir musiqiçi olaraq fəaliyyətimdə sülh və sevgi körpüləri qurmağı hədəfləyirəm. Əsas diləyim isə bütün aləmin, eləcə də Türk dünyasının mədəniyyət və sənət ətrafında birləşməsidir”, - deyə Şəfiqə Kutluer bildirib.

Seçilən
25
yeniazerbaycan.com

1Mənbələr