AZ

Bu qətnamə riyakarlığın bariz nümunəsidir

Noyabrın 11-də Azərbaycanda işə başlayan və dünyanın 200-dək ölkəsini təmsil edən nümayəndələri bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla davam etməsi ölkəmizin dünya miqyasında nüfuzunun günbəgün daha artmasının və qlobal əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməsinin sübutudur.

Məhz bu amillər, xüsusilə də ərazi bütövlüyünü və suverenliyini bərpa edərək erməni separatizminə son qoyan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü hesabına yerinə yetirən Azərbaycanın yürütdüyü müstəqil və prinsipial xarici siyasət kursu Ermənistanın əsas havadarı Fransa və onun “çətiri” altında olan, diktəsi ilə hərəkət edən “cırtdan” Lüksemburq kimi dövlətləri ölkəmizə qarşı riyakar əməllərə sövq edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirlər açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Deputat vurğulayıb ki, bu xüsusda, Lüksemburq parlamentində ölkəmizə qarşı yönəlmiş qətnamə siyasi riyakarlığın bariz nümunəsi olmaqla, erməni lobbisinin maliyyə dəstəyi və Fransanın diktəsi ilə hərəkət edən, fəaliyyətlərində ikili standartları rəhbər tutan Lüksemburq parlamentarilərinin ikiüzlü siyasətini bir daha təsdiqləyir.

Qətnamədə yer almış əsassız, heç bir məntiqə sığmayan yalan iddialar bir daha göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dönəmdə azərbaycanlılara qarşı törətdiyi ağır cinayətlərə, soyqırımına, ərazilərimizin vəhşicəsinə viran qoyulmasına, tarixi, mədəni, dini abidələrimizin məhv edilməsinə, təbii ehtiyatlarımızın talan olunmasına, ekoloji cinayətlərə, öz dədə-baba yurdu olan indiki Ermənistan ərazisindən didərgin salınmış həmvətənlərimizin fundamental hüquqlarının pozulmasına onilliklər boyu göz yuman Lüksemburq parlamentariləri erməni lobbisindən daha çox maliyyə yardımı almaq uğrunda “yarışa” qoşulublar.

“Prezident İlham Əliyev noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılış mərasimində və noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışları zamanı ölkəmiz əleyhinə səfərbər olan bu riyakar qüvvələrə tutarlı şəkildə cavab verdi.

Lüksemburq parlamentinin qərəzli qətnaməsini qəti şəkildə qınayır və bu ölkənin parlamentarilərini belə riyakar əməllərdən çəkinməyə çağırırıq. Reallıqdan uzaq olan bu şəxslər nəhayət anlamalıdırlar ki, qlobal miqyasda etibarlı tərəfdaşa çevrilən və Prezident İlham Əliyevin mükəmməl liderliyi sayəsində hədəflərinə uğurla çatan Azərbaycanla hədə dilində, amiranə tərzdə danışmaq heç bir nəticə verməyəcək”, - deyə deputat vurğulayıb.

Seçilən
25
1
sia.az

2Mənbələr