AZ

ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

Image

Pentaqondakı mənbə BBC-yə bildirib ki, ABŞ prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünə icazə verib. Ağ Ev gözləyir ki, piyada əleyhinə minalardan istifadə Kiyevə rus qoşunlarının ölkənin şərqində irəliləməsini cilovlamağa kömək edəcək.

Pentaqondakı mənbənin sözlərinə görə, Ukrayna yaxın vaxtlarda piyada əleyhinə minalar alacaq, lakin dəqiq çatdırılma tarixləri açıqlanmayıb. Eyni zamanda, Kiyev onlardan yalnız Ukrayna ərazisində və əhalinin sıx məskunlaşdığı ərazilərdən uzaqda istifadə edəcəyinə söz verib.

Bundan əlavə, Ukrayna hərbçilərinin istifadə müddəti məhdud olan piyada əleyhinə minalardan istifadə edəcəyi gözlənilir. Belə minalar batareya ilə işləyir və batareyanın doldurulmasından asılı olaraq bir neçə saatdan bir neçə həftəyə qədər aktiv qala bilər. Enerji tükəndikdən sonra mina partlaya bilməyəcək.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı işğalı başlayandan bəri piyada əleyhinə minalardan fəal şəkildə istifadə edir. Bununla belə, Rusiya hərbçiləri istifadə üçün heç bir vaxt məhdudiyyəti olmayan və tapılıb zərərsizləşdirilənə qədər təhlükəli olan minalardan istifadə edir.

Bayden administrasiyasının bu addımı cəbhədə hansı dəyişikliyə səbəb ola bilər? Piyada əleyihinə minalarla Rusiya ordusunun irəliləməsinin qarşısı alına bilərmi?

Arzuxan Əlizadə: "Bayden adminstrasiyası əlavə olaraq 275 milyon dollarlıq dəstəyin göstəriləcəyi ilə bağlı bəyanat verdi"

Sualımıza cavabında politoloq Arzuxan Əlizadə bildirdi ki, Bayden administrasiyası Rusiya-Ukrayna müharibəsinin başlandıği ilk dönəmdə Ukraynaya ən yuksək səviyyədə dəstəyini nümayiş etdirib - ona həm siyasi, həm maddi, həm də silah-sursat baxımından dəstək verib: "Məlumdur ki, son prezident seçkilərində Demokralar məğlub oldu, növbəti mərhələdə Respublikaçilarin namizədi Donald Tramp prezident olacaq. Trampın ümumiyyətlə muharibələrə, o cumlədən də Rusiya-Ukrayna muharibəsinə münasibəti Bayden administrasiyasından ciddi şəkildə fərqlənir. Ona görə də Bayden administrasiyası çalışır ki, hakimiyyəti təhvil verənə qədər - 20 yanvar 2025-ci il tarixdə Tramp and içib səlahiyyətlərinə başlayana qədər vəd edilən dəstək Ukraynaya çatdırılsın. Bayden adminstrasiyası tərəfindən Ukraynaya 6 milyard dollar həcmində bir yardım tranşının ötrülməsi gündəmdədir. Bunun Trampın səlahiyyətləri başlayana qədər Ukraynaya ötürülə biləcəyi də sual doğurur. Elə bu gunlərdə Bayden administrasiyası əlavə olaraq 275 milyon dollarlıq dəstəyin göstəriləcəyi ilə bağlı da bəyanat verdi. Bu 275 milyon dollarlıq dəstəyin içərisində piyadalar əleyihinə minaların verilməsi də yer alır. Bundan əvvəl Ukraynaya cəbhədə piyadalar əleyhinə minalardan istifadə qadağan edilmişdi - bu minaların Ukrayna tərəfinə verilməsi arzuoluana deyildi. Amma görünür, artıq fərqli bir qərar var, piyadalar əleyihinə minalar Ukraynaya veriləcək. Bu, təbii ki, müharibənin gedişinə təsirsiz ötüşməyəcək, ən azi Ukraynanın müdafiə qabiliyyətini bir qədər də yüksəltməyə yardımçı olacaq.

Digər tərəfdən, bu minalar müvəqqəti aktiv ola biləcək minalardır. Çunki bu minaların enerji tutumu var, o enerji bitdikdən sonra minə zərərsizləşir. Amma minalar həm də dinc əhali üçün təhlükə törətdiyinə görə ondan istifadə arzuolunan sayılmır. Hesab edirəm ki, Bayden adminstrasiyası mina qadağasını aradan qaldırması ilə yanaşı piyada əleyhinə minaları operativ olaraq Ukraynaya çatdira bilsə, bu, Rusiya qoşunlarınin cəbhədə irəliləməsinə ciddi əngəl ola bilər".

Şair Ramaldanov: "Beynəlxalq konvensiyalar piyada əleyhinə minaların istehsalını və istifadəsini qadağan edib"

Hərbi ekspert Şair Ramaldanov isə bildirdi ki, bu müharibəni Bayden administrasiyası başladib və onun hakimiyyətdən getməsi ərəfəsində Ukraynaya dəstəyin gücləndirilməsi təəccüblu deyil: "Burada bir necə məqsəd ola bilər. Məqsədlərdən biri Rusiyanı danışıqlar masasına oturtmaq üçün ona təzyiq göstərilməsi kimi qiymətləndirilə bilər. Digər məqsəd ondan ibarət ola bilər ki, Bayden bu cəbhədə vəziyyəti dəyişib Trampı vəd etdiyi kimi müharibəni qısa müddətdə dayandirmaq imkanlarından məhrum etmək istəyir. Hər halda, Bayden çalışır ki, Ukrayna müyyən üstünlüklər qazansın, siyasi masada onun əli güclənsin.

Piyada əleyhinə minalara gəldikdə isə, düzdur, beynalxalq konvensiyalar piyada əleyhinə minaların istehsalını və istifadəsini qadağan edib. Amma bu gun dunyada ikili standartlar hec bir beynəlxalq konvensiyanı və digər tələbləri tanımır. Həmin konvensiyalara imza atan dövlətlərin mina istehsali və onun müharibə edən tərəflərə verilmasi də ikili standartlarin təzahürüdür.

Bu minaların cəbhədə nəyisə dəyişəcəyinə inanmıram. Bu piyada əleyhinə minalar uzaqdan səpələməklə yerləşdiriləcək, bu halda minalar vizual olaraq görünəcək. Yerə basdırsalar da onların aktivlik müddəti maksimum bir neçə həftədir. Digər tərəfdən, rus ordusunun minalı sahələrdən keçmək üçün bur necə vasitəsi var. Eyni zamanda bu minalar həm də artilleriya və aviasiya zərbələri nəticəsində də zərərsizləşir.

Rusiya-Ukrayna cəbhəsində hazirda taktika Azərbaycanın ikinci Qarabağ savaşına qədər apardığı taktikaya bənzəyir. Hər iki tərəf canlı qüvvə ilə düşmənin arxasina sızaraq mövqedəki canlı qüvvəni məhv edir və ərazini ələ keçirir. Bu da kəsfiyyat qrupu tərəfindən həyata keçirilir ki, onlar keçid etdikləri əraziləri əvvəlcədən minadan təmizləyirlər. Hazırda Rusiya canlı qüvvə itkilərini minumuma endirmək üçün ələ keçirəcəyi əraziləri əvvəlcədəm artilleriya, aviasiya və vakuum bombaları, yaxud da reaktiv yandırıcı vasitələrlə atəşə tutur. Ardinca kəşfiyyat-hücum qrupları mövqeyi keçir, ardınca isə piyadalar gəlir. Çox vaxt belə mövqe keçidində elə ciddi müqavimətlə raştlaşılmır.

Son zamanlar bu taktikadan istifadə edildiyindən, mina təhlükəsi elə ciddi maneə yaratmır. Rusiya ordusunda bundan başqa da mina əleyhinə çeşidli vasitələr var.

İndiyə qədər də Ukrayna cəbhədə piyada və tank əleyhinə minalardan çox geniş şəkildə istifadə edirdi. Artiq Rusiya qosunları da buna adapitasiya olunublar. Ona gorə də düşünmurəm ki, bu minalar Rusiyanın hücumlarına mane ola bilər. Rusiyanın məqsədi hazirda Trampın gəlişinə kimi mümkün qədər çox ərazi işgal etmək və yeni seçilmiş prezidentin dövründə güclü siyasi əllə danışıqlar masasına oturmaqdır. Hazırda Ukraynaya edilən yardımlar kifayət qədər deyil, bunu ya bacarmırlar, ya da istəmirlər. Bu da cəbhədə Rusiyanın xeyrinə işləyir".

Dəniz NƏSİRLİ





Seçilən
26
50
baki-xeber.com

10Mənbələr