AZ

Ris Ceyms növbəti dəfə zədələndi

“Çelsi”nin ingilis sağ cinah müdafiəçisi Ris Ceyms növbəti dəfə zədələnərək, qeyri-müəyyən müddətə sıradan çıxıb.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi, italyan mütəxəssis Entso Mareska bildirib:

“Ceyms bu həftənin sonunda meydanda mütləq olmayacaq, sonrasına isə baxıb-görəcəyik. Onun hansı müddətə sıradan çıxıdığını hələ bilmirik. Bilirəm, bu, asan deyil. Ris hər dəfə zədələnəndə çətin olur, amma mənim üçün bu, daha pisdir. Ceyms bununla barışmalıdır. O, bu həftəsonu bizə kömək edə bilməyəcək. Təəssüf ki, o, dizlərində rahatsızlıq hiss edib”, deyə Mareska təəssüflə ifadə edib.

Xatırladaq ki, avqust-oktyabr ayları aralığında Ceyms dizaltı vətərin zədəsindən bərpa mərhələsi keçirdi. Bu mövsüm müdafiəçi cəmi 4 oyuna çıxıb, meydanda 241 dəqiqə keçirib.

Ris Ceyms “Çelsi”nin yetirməsidir. Ceyms bir müddət “Uiqan”da icarə əsasında çıxış etdikdən sonra yenidən London klubunun düşərgəsinə qayıdıb. Ceymsin London klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ris Ceyms “zadəganlar”ın əsas komandasında ümumilikdə 162 oyuna çıxıb, 11 qol vurub, 22 məhsuldar ötürmə verib.

Ris Ceyms 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasında 16 oyun keçirib, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis sağ cinah müdafiəçisinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
22
arena.az

1Mənbələr