AZ

COP29-a qatılan almaniyalı nazir Azərbaycanda insan hüquqlarının vəziyyətini acınacaqlı sayır

O, bu məsələni rəsmi Bakı ilə müzakirə edəcəyini deyib

Noyabrın 21-də COP29 iqlim konfransı çərçivəsində Azərbaycana səfər edən Almaniya xarici işlər naziri Annalena Berbok mətbuat konfransı keçirib.

Jurnalistlərin suallarını cavablandıran nazir Azərbaycanda insan hüquqlarının vəziyyətinin acınacaqlı olduğunu deyib.

Azərbaycanda həbs olunmuş iqlim fəalları, jurnalistlər və müxalifətçilərlə bağlı suala cavabında nazir deyib ki, bu məsələ rəsmi Bakı ilə müzakirə olunacaq.

"Almaniya hakimiyyət tənqidçilərinin azad edilməsinə tərəfdardır və Azərbaycanın xarici işlər nazirilə görüşdə bu məsələni qaldıracaq”, – Berbok belə deyib.

Nazir bildirib ki, iqlim konfransından asılı olmayaraq, insan haqlarının vəziyyəti həmişə Almaniya və Azərbaycan hökumətləri arasında siyasi müzakirələrin bir hissəsi olub: "Azərbaycanda insan haqlarının vəziyyəti, media işçilərinin, fəalların və müxalifət nümayəndələrinin həbsi böyük narahatlıq doğurur”.

"Almaniya ilə sıx bağlı hallar da var, məsələn, Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması, bu barədə burada son səfərim zamanı, eləcə də ondan sonra apardığım müzakirələrdə ətraflı danışmışam. Bu mövzuda hələ görüşlərim də olacaq”, – deyə nazir qeyd edib.

O bildirib ki, Azərbaycanın AŞPA deputatlarına giriş qaydağası qoyması qəbuledilməzdir: "Almaniyanın xarici işlər naziri kimi demək istərdim ki, Avropa Şurası Parlament Assambleyasının 76 üzvünə ölkəyə giriş qadağası qətiyyən qəbuledilməzdir. Bunlar Almaniya Bundestaq üzvlərinə də təsir edir və Azərbaycanın Avropa Şurasındakı öhdəlikləri ilə bir araya sığmır”.

Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilir.
Seçilən
3
2
arqument.az

10Mənbələr