AZ

COP29: Şərqdən Qərbə “yaşıl” enerji dəhlizi

Mərkəzi Asiya respublikaları ekoloji cəhətdən təmiz enerji mənbələri, o cümlədən, günəş, külək və s. ilə zəngindir. Hökumətlər uzun müddətdir ki, qalıq yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Buna görə də bərpaolunan enerjiyə keçid strategiyasına üstünlük verirlər.

Lakin təmiz enerji layihələrinin (külək, günəş), o cümlədən, təmiz hidrogen istehsalının genişləndirilməsi çoxşaxəli səylər tələb edir. Bu sahədə Qazaxıstan və Özbəkistanla yanaşı, beynəlxalq ictimaiyyətin dəstəyi ilə maliyyələşdirmə və normativ bazanın yaradılması dekarbonizasiya prosesini asanlaşdıra bilər. Artıq belə bir imkan yaranıb.

Qazaxıstanın Energetika Nazirliyi Birləşmiş Ərəb Əmirliyinin şirkəti ilə Jambıl vilayətində 1 giqavat gücündə külək elektrik stansiyasının tikintisinə imkan verəcək investisiya sazişi imzalayıb. Nazirlikdən verilən məlumata görə, saziş Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində bağlanılıb. Külək turbinlərinin tikintisinin investoru “Abu Dhabi Future Energy Company PJSC (Masdar)” şirkətidir. Layihəyə 1,5 milyard dollar sərmayə qoyulacaq. Bu barədə “Asian Power” yazır: “Tikintisi tamamlandıqdan sonra stansiya Qazaxıstanın cənubunda, təxminən, 300 min evi elektrik enerjisi ilə təmin edəcək və ildə 2 milyon ton kömür emissiyasının qarşısını alacaq”.

Bu arada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 iqlim sammitində Azərbaycan və Özbəkistan prezidentləri ilə vahid “yaşıl” enerji sisteminin formalaşdırılması ilə bağlı razılığa gəlib və saziş imzalayıb. Saziş 29-cu iqlim konfransının regional və transregional səviyyədə mühüm nəticələrindən biridir. COP29 regionda “yaşıl” enerji dəhlizinin yaradılması, inteqrasiya olunmuş elektrik enerjisi bazarlarının inkişafı və bərpaolunan enerjinin digər regionlara ixracının asanlaşdırılması üçün güclü təməl yaradır. Yalnız Azərbaycan üçün deyil, həm də Mərkəzi Asiya və Avropa regionları üçün “yaşıl” enerji keçidi və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında dönüş nöqtəsidir.

Bu barədə Qazaxıstan Prezidenti qeyd edib ki, saziş Mərkəzi Asiya və Cənubi Qafqazın inkişafı üçün imkanlar açır: “Müqavilə ölkələrə enerji sistemlərini inteqrasiya etməyə və “yaşıl” enerjinin Avropa və digər beynəlxalq bazarlara çatdırılması üçün etibarlı marşrutlar yaradır. Qazaxıstan burada böyük tranzit ərazi kimi son dərəcə mühüm rol oynayır. Onun praktiki nəticələri həm də Orta Dəhliz ölkələrinin iqtisadiyyatlarını birləşdirən “yaşıl” körpü kimi inkişafına töhfə verir”.

Kasım-Jomart Tokayev vurğulayıb ki, ölkəsi beynəlxalq tərəfdaşlarla ümumi gücü 43 GVt olan “yaşıl” layihələrin tikintisinə dair razılığa gəlib. Qazaxıstan karbon neytrallığına və “yaşıl” texnologiyaların inkişafına xüsusi diqqət yetirir. 2030-cu ilə qədər ümumi istehsalda bərpaolunan enerji mənbələrinin payını 15 faizə çatdırmağı planlaşdırır.

Azərbaycan Prezidenti İlham Əliyev də bu sazişin qardaşlıq əlaqələrini möhkəmləndirdiyini və üç ölkənin strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırdığını vurğulayıb: “Mərkəzi Asiya və Qafqaz regionları bir çox məsələlərdə, o cümlədən “yaşıl” enerjinin inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərir. Biz Özbəkistan və Qazaxıstanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə əsas planlarla və artıq əldə edilmiş uğurlarla tanışıq”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə əlavə edib ki, saziş təkcə iqtisadi əhəmiyyət kəsb etmir, həm də mühüm ekoloji komponentə malikdir: “Köçürüləcək enerji külək və günəş enerjisidir ki, bu da iqlimə təsiri azaltmağa kömək edəcək. Həmçinin Paris Sazişinin məqsədlərinə və davamlı inkişafa uyğun olaraq iqlimin qorunmasına ümumi töhfəmizi əks etdirir”.

COP29 çərcivəsində bağlanmış saşiş təkcə bərpaolunan və ümumi enerji sistemlərinu birləşdirməyəcək, həm də Mərkəzi Asiya ölkələrində istehsal olunan alternativ enerjinin Azərbaycana və oradan da Qərbə potensial ixracını gerçəkləşdirəcək. Bu istiqamətdə Azərbaycan Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanla birgə Qara dəniz vasitəsilə bərpa olunan “yaşıl” enerjini Avropa bazarlarına çatdıracaq. Bu fəaliyyəti gerçəkləşdirəcək layihə isə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə “yaşıl enerji”nin maneəsiz hərəkət etməsinə və bununla da enerji bazarlarını birləşdirməyə imkan verəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
27
xalqqazeti.az

1Mənbələr