AZ

“Təmiz” mübarizənin gender hədəfləri

COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusu üzrə yüksək səviyyəli toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, COP fəaliyyətlərinin əsas prinsipləri inklüzivlik və gender bərabərliyini vurğulayır. Azərbaycan inanır ki, əhalinin müxtəlif qruplarının – uşaqların, gənclərin, qadınların və həssas icmaların potensialını səfərbər etmək iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə mühüm töhfə verəcəkdir.

BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin üzvü, professor Rangita de Silva de Alwisin moderatorluğu ilə keçirilən tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin və BMT-nin İqlim Dəyişmələri Konfransı katibinin müavini Hamladjinin salamlama nitqləri dinlənilib.

Bahar Muradova iqlim dəyişiklikləri və dünyamıza təsir edən təbii fəlakətlərin, habelə digər qlobal ekoloji problemlərin bəşəriyyətin gələcəyinə ciddi təhlükələr yaratdığını vurğulayıb. O, ölkələrin və beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərini birləşdirməsini bu vəziyyətdən minimal itkilərlə çıxmağın əsas şərti olduğunu qeyd edib. Komitə sədri bildirib ki, 30 illik müharibə təcrübəsi ilə üzləşmiş Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın effektiv həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərdə olduğunu dərk edir.

Çıxışlardan sonra “BTR (İkiillik Şəffaflıq Hesabatı) və NDC-lərdə (Milli Müəyyən Edilmiş Töhfələr) gender inteqrasiyasının gücləndirilməsi” adlı panel öz işinə başlayıb. Konfrans çərçivəsində gender komponentlərini özündə əks etdirən pantomima tamaşası nümayiş etdirilib.

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
31
xalqqazeti.az

1Mənbələr