Silvester Stallone yeni seriala çəkilir
Hollivud ulduzu, aktyor, rejissor Silvester Stallone "Talsanın kralı" serialının daha iki mövsümü üçün müqavilə imzalamağa hazırlaşır.
Reyting.az "Variety" nəşrinə istinadla bildirir ki, Stallone məşhur serialın ən azı iki yeni mövsümündə iştirak etməklə, ekrana dönmək üçün artıq razılaşdırma ilə bağlı müqaviləni yekunlaşdırmağa yaxındır. Bu isə o deməkdir ki, bu serial üçüncü, həm də dördüncü mövsüm üçün yenilənəcək.
Bütün bunlara baxmayaraq, yekun razılıq əldə edilsə belə, "Variety" nəşrinə yaxın mənbələr bildirib ki, hazırda bu kino-layihə rəsmi olaraq yenilənməyib.
"Talsanın kralı" adlanan bu kriminal dram "Paramount+" axın xidmətinin vasitəsilə yayımlanır. Bu il, noyabr ayının 17-də isə uğurla qarşılanmış ikinci mövsümün final seriyasının nümayişi olub. Kriminal dram janrında çəkilmiş bu yeni filmin növbəti davamı 10 seriyadan ibarətdir. Bu isə çox baxımlı olan serialın bölümlərinin birinci mövsümlə müqayisədə artmasına səbəb olub.
78 yaşlı aktyor Silvester Stallone çəkildiyi çoxseriyalı filmdə təkcə məşhur aktyor kimi deyil, həm də "Talsanın kralı" adlı bu serialın icraçı prodüserlərindən biri kimi çıxış edir.
"Deadline" nəşri isə yazır ki, serial dörd mövsümdən çox ola bilər.
Hollivuddan sızan, lakin təsdiqlənməmiş bəzi məlumatlara görə, Stallone serial qəhrəmanı kimi həm də artımlı qonorar alacaq. İkinci mövsümdə sonuncu hər bir epizod üçün S. Stallonenin ümumi qazancı 1,5 milyon dollar olmuşdu.
Bu, Stallonenin serialda aparıcı rollardan birinin ifaçısı kimi aldığı maaşdan, yəni birinci epizodda qazandığı qonorardan 750 min dollar çoxdur.
Oqtay QORÇU