AZ

Təbii fəlakətlər sağlamlığa və dinc həyata ciddi təhlükə yaradır

Siyasi karyeraya uruqvayın Artigas Milli Partiyasında başlayan İren Rene Moreyra Fernandez Respublika və sonra Katolik universitetinin hüquq fakültəsini bitirib. 3 il Artigas Departament Şurasında sədrin müavini vəzifəsində çalışıb. Qanunverici orqanda işləyərkən o, Mədəniyyət və Gender komitələrini birləşdirib. Ötən ilə qədər Uruqvayın Mənzil və Ərazi Planlaşdırılma və Ətraf mühit naziri vəzifəsində çalışmış İren Moreyra Uruqvay siyasi partiyasının üzvü, qadın hərəkatı fəalı və siyasətçidir.

Uruqvay senatının üzvü olaraq COP29 konfransı çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Bakıya gələn İ.Moreyra Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkil etdiyi iclasda “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması tədbirləri” sessiyasında çıxış edib. Bildirib ki, iqlim dəyişikliyinin insan sağlamlığına birbaşa və dolayı təsiri var. Ekstremal hava şəraitləri təkcə iqlimə deyil, səhiyyəyə də mənfi təsir göstərir. Daşqınlar və quraqlıqlar daha çox yoluxucu xəstəliklərin yayılmasına səbəb olur, içməli su mənbələrinin azalmasına gətirib çıxarır. Bu problemlər, xüsusilə, təsirə birbaşa məruz qalan ərazilərdə özünü göstərir. İqlim dəyişikliyi yalnız keyfiyyətə təsir etmir, eyni zamanda, əlçatanlığı da azaldır. Onun təsirlərini kənd təsərrüfatında, balıqçılıqda da görmək olar. Dəyişiklik balıqçılıq mövsümlərini dəyişir. Bunun iş şəraitinə də təsiri olur. İnsanlar daha ağır şəraitdə işləməyə məcbur qalırlar.

İren Moreyra iqlim dəyişikliyinə cavab vermək üçün təcili tədbirlər görülməli olduğunu deyib:

– İqlim dəyişikliyinə cavab olaraq təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu dərk etmək çox vacibdir. İcmalarımızın, xüsusən də dolanışıqları birbaşa torpaqdan asılı olanların davamlılığını gücləndirmək üçün siyasətlərə ehtiyac var. Əhalinin sağlamlığını yaxşılaşdıran, kənd təsərrüfatı infrastrukturunu inkişaf etdirən və hamı üçün ərzaq təhlükəsizliyini təmin edən konkret iqlim fəaliyyətini təşviq etmək vacibdir. İstilik dalğaları, quraqlıq və daşqınlar kimi ekstremal hava hadisələri təkcə infrastruktur və ekosistemlərə deyil, həm də əhalinin sağlamlığına təsir göstərir. Məsələn, isti dalğalar xüsusilə əhalinin ən həssas təbəqələri – yaşlılar və uşaqlar arasında ölüm hallarını artırır. Daşqınlar və quraqlıq, öz növbəsində, yoluxucu xəstəliklərin yayılmasına səbəb olur və içməli su təchizatını təhdid edə bilər. Belə anomal hadisələr insanların iş şəraitinə də təsirsiz ötüşmür. Onun təsirləri ekosistemə, iqtisadiyyata və insanların həyat keyfiyyətinə ziyan vurur. Xüsusilə sağlamlıq və ərzaq təhlükəsizliyi sahələrində yaranan problemlər dünya ölkələrini daha çox tədbirlər görməyə sövq edir. Çünki iqlim dəyişikliyi qlobal miqyasda sağlamlıq və ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.

Buna görə güşünürəm ki, COP29-da müzakirəsi aparılan maliyyə yardımlarından başqa, səhiyyə sistemlərini də maliyyələşdirmək çox vacibdir. Pandemiyaya hazırlıq, qarşısının alınması və cavab tədbirlərinə də maliyyə ayrılmalıdır.

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
27
xalqqazeti.az

1Mənbələr