AZ

“Ulduz” futbol akademiyası adını doğruldacaqmı?

Azərbaycanda da ronaldinyolar, messilər yetişdirmək olarmı? Bunun üçün ölkəmizdə kifayət qədər istedadlı uşaqlar varsa, niyə olmasın. Əsas məsələ onları düzgün inkişaf etdirərək böyük meydanlar üçün hazırlamaqdır. Bu məqsədlə məşqçilər və yeniyetmə futbolçular “Ulduz” Futbol Akademiyasının (FA) ətrafında cəm olublar. Yaşlılar milli komandanın gələcək liderlərini yetişdirmək, yeniyetmələr isə namizədlər siyahısına düşmək üçün var gücləri ilə məşqləri davam etdirirlər.

Xatırladaq ki, “Ulduz” FA yeni yaradılıb. 2023-cü ildən fəaliyyət göstərir. Burada hazırlıq keçən gənc futbolçuların məşq prosesləri, qayğıları, arzuları ilə yaxından tanış olduq. Məlumat aldıq ki, akademiyanın U-13, U-14 komandalarının üzvləri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzində yaşayır, yaxınlıqda yerləşən 237 saylı orta məktəbdə təhsil alırlar.

Dərsdən çıxan akademiya üzvləri nahar etmək və istirahət üçün “Cırtdan”a gəlirlər. Bir neçə il bundan əvvəl maraqlı dizaynla qurulan mərkəzin binasında yenidənqurma işləri aparılıb. Uşaqların daha rahat yaşamaları, maraqlı, faydalı və əyləncəli vaxt keçirmələri üçün hər cür şərait yaradılıb. Mərkəzin həyətində əsaslı abadlaşdırma işləri aparılıb, yaşayış kompleksi, yeməkxana tamamilə yenilənib. İdman meydançaları, qaçış zolağı, kitabxana, akt zalı, əyləncə zonası və s. inşa edilib.

Uşaqlar əvvəlcə onlar üçün ayrılmış otaqlarda əyinlərini dəyişir, sonra yeməkxanaya gedirlər. Burada onların vaxtı-vaxtında və keyfiyyətli qidalanmasına diqqət yetirilir ki, bu da önəmli faktorlardan biridir. Çox zaman yeniyetməlik çağlarında intensiv məşqlərə cəlb olunan uşaqlar təhsillərinə istədikləri qədər vaxt ayıra bilmirlər. Nəticədə, gələcəkdə peşəkar idmanı seçən və bu sahədə çalışan mütəxəssislər keyfiyyətli təhsilə sahib ola bilmirlər. Bəzən isə məktəb yaşlı uşaqlar dərslərini çatdıra bilmədikləri üçün idmandan ayrılmalı olurlar.

Akademiyanın yetirmələri bu qayğıdan azaddırlar. Onların dərsdən sonra yemək masası arxasında günün planlarını müzakirə etmələrini müşahidə edirik. Yeməkdən sonra 2 saata yaxın istirahət edir, çay süfrəsində bir daha görüşürlər. Artıq komandaları gözləyən avtobus mərkəzdədir. Uşaqlar tələsmədən ikibir, üçbir avtobusa minirlər. Bir qədər istirahətdən sonra əhval-ruhiyyələri daha da yüksəlib. Yolboyu birgə mahnılar, o cümlədən məşhur “Xudayar təsnifi”ni oxuyurlar: “Vahid sorma Vətən nədən yaxşıdır, Adı gəlcək könlüm xəndan göründü”.

Kövrək notlar üzərində “Qarabağ” da səsləndirildi. Gələcəyin “ulduz”larının ifa etdikləri bütün musiqilərin vətənpərvər mövzusunda olması da təsadüfi deyildi. Məktəbdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi prioritet tələbdir. Məhz vətənpərvərlik hissi komanda ruhunu yüksəldən əsas amillərdəndir.

Şağan Olimpiya İdman Kompleksinə istiqamət alırıq. Ümumi sahəsi 3,25 hektar olan kompleksin əsas korpusu ikimərtəbəlidir. Burada müxtəlif idman növləri üzrə zallar, hakimlər, soyunub-geyinmə və digər xidməti otaqları yerləşir.

Çöldə isə çiskinli yağış və soyuq küləkli hava şəraiti hökm sürür. Belə bir deyim var, futbol üçün pis hava şəraiti yoxdur, sadəcə pis oyun var. Çünki bu dinamik və sürətli idman növü üzrə əksər çempionatların təqvimi o qədər sıxdır ki, hətta açıq stadionlarda soyuq mövsümdə də bəzən oynamaq lazım gəlir. Günəşli Azərbaycanın qışı sərt olmasa da, isti hava şəraitinə öyrəşmişik. Ona görə 13-14 yaşlı uşaqların soyuq havada necə məşq edəcəklərini düşünürük.

Yaşıl meydan isə sahiblərini gözləyir. Doğru deyimdir: İdman bədəni və ruhu güclü olan insanların seçimidir. Gənc futbolçular soyunub-geyinmə otağından birbaşa meydana tələsirlər. Çiskin yağış süni ot örtüyünü bir qədər sürüşkən edib. Lakin futbolun hər anından zövq alan yeniyetmələr məşqçinin tapşırıqlarını dəqiqliklə yerinə yetirməyə səy göstərirlər. Axı əsl futbolçu bilir ki, pis hava şəraiti əngəl deyil, onların potensialının və oyuna olan sevgisinin yeni cəhətlərini göstərmək imkanıdır.

Akademiyanın direktoru Mehman Əlimovla həmsöhbət oluruq. Qurum rəsmisi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə akademiyada yeniyetmə futbolçuların inkişafı üçün hər bir şəraitin yaradıldığını bildirdi:

– Akademiya 2023-cü ilin may ayında yaradılıb. Bölgələrdən istedadlı futbolçular seçmək üçün səfərlər təşkil edirik. Cari ilin yay aylarında təşkil etdiyimiz seleksiya xarakterli məşqlərdə Bakı da daxil olmaqla 1000-dən çox uşaq iştirak edib. İlkin olaraq bölgələrdə uşaqlara baxış keçirilir, istedadlı futbolçular 2-ci mərhələdə akademiyaya cəlb olunur. Burada yaşamaq, qidalanmaq və təhsil almaq üçün hər bir şərait yaradılır. Onlar komanda ilə məşqə çıxırlar. Əgər potensialı varsa müqavilə bağlanılır və akademiyaya cəlb olunur. Biz bu cür turnirləri və seçilən oyunçuları diqqətlə izləyirik.

Qruplar seleksiya məşqləri zamanı formalaşdırılıb. Akademiya 4 yaş qrupu üzrə fəaliyyətə başlayıb. Artıq 2024–2025-ci il mövsümündə 9 komanda AFFA bayrağı altında keçirilən liqalarda çıxış edir. Onlardan 7-si oğlan, 2-si qızlardan ibarət komandalardır. 2011-2012-ci illər təvəllüdlü uşaqlar Şağan Olimpiya Kompleksində məşq edirlər. Aşağı yaş qruplarından, eləcə də qızlardan ibarət yığmalarmız isə köhnə “Neftçi” bazada Cüdo Federasiyasının təlim-məşq mərkəzində hazırlıq keçirlər. Onların həm dərsləri, eyni zamanda, nizam-intizamları diqqətdə saxlanılır.

Öyrənirik ki, bütün məşqçilər UEFA lisenziyalarına malikdirlər. Onların işinə nəzarət, eləcə də düzgün məşq proseslərinin aparılmasına kordinator və idman direktoru nəzarət edir.

Futbolçular bütün günü eyni məkanda sıxılmasınlar deyə, akademiyaya məxsus nəqliyyat vasitəsi ilə milli komandamızın, eləcə də klublarımızın oyunlarına, müxtəlif tədbirlərə gedirlər.

Uşaqların qidalanmasından danışan komandanın həkimi Seyidağa Abbaszadə əsas və yardımçı qidalardan, vitamin kompleksləri, minerallardan istifadə edildiyini bildirdi. Qeyd etdi ki, bu yaşda uşaqların qida rasionuna çox diqqət yetirilməlidir. Uşaqlar həm burada, həm də evdə düzgün qidalanmaya üstünlük verməlidirlər.

Zədələrlə bağlı danışan həkim qeyd etdi ki, ən kiçik travma belə diqqətsiz qala bilməz:

– Belə olduğu halda uşaqlara təcili ilkin yardım göstərilməlidir. Kiçik zədə də olsa önəm verilməlidir. Adətən əzələ dartınmaları, damar zədələri və digər travmalar zamanı ağrıkəsici preparatlardan istifadə edilir. Fizioterapeya və digər müalicələrlə zədələri sağaldırıq. Elələri də olur ki, ambulator və stasionar şəraitdə müalicə olunmalıdır. O zaman klub rəhbərliyinə müraciət edib, tədbirlər görürük.

Günün məhsuldar məşq prosesini izləyirik. Burada uşaqlara təkcə gözəl futbol oynamaq öyrədilmir, həm də əzmkar xarakter, möhkəmlik və komanda ruhu aşılanır. Fasilə zamanı uşaqlar onlar üçün ayrılmış xidməti otaqda su və çay içirlər. Sonda məşqçilərinin fikirlərini öyrənirik.

13 yaşlılardan ibarət yığmanın baş məşqçisi Şahin Şükürov komandanın potensialından söhbət açır:

– Yığmada güclü oyunçular var. Onların gələcəyinə böyük ümidlər bəsləyirik. Komandamız ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də uğurla çıxış edir. Gürcüstanda beynəlxalq yarışda medalın bir addımlığında dayandıq. Yaxşı oyun nümayiş etdirdik. U-14 Liqasının baş məşqçisi Rüstəm Əliyev futbolçulardan razı oduqlarını bildirdi:

– Çalışırıq ki, komandanın üzvləri məşqlərdə verdiyimiz tapşırıqları maksimum icra etsinlər. Milli komandaya namizədlərimiz var. Gözləyirik ki, o uşaqları dəvət edəcəklər.

Futbolçulardan Ayxan Qurbanzadə ilə həsöhbət olduq. Onun 13 yaşı var. 14 yaşlılarda oynayır. Biləsuvardandır. Beyləqanda təşkil edilən seçim turnirində diqqəti cəlb etdiyini deyir. Daha sonra Abşeronda təlim-məşqə cəlb edilib. Məşqçilər onun futbol bacarığını qiymətləndiriblər. Ondan futbolçularımızdan kimi bəyəndiyini soruşduq. Cavab verdi ki, “Qarabağ”ın oyunçusu Bəhlul Mustafazadəni bəyənir. Komandalardan daha çox “Neftçi”nin oyunlarını izləyir:

– Mən özüm də müdafiəçiyəm. Hər həftəsonu yarış olur. Hər oyunu daha yaxşı oynamağa çalışırıq. “Liman”, “Vətən”, “Lamasiya-Baku”, “Binə” kimi komandalara qalib gəlirik. Bazar günü istirahət edirik.

Gələcəkdə yaxşı futbolçu olmağı arzulayıram. Avropada, “Barselona”da oynamaq istərdim.

U-14-ün kapitanı Müşfiq Zamanov Yevlax rayonundandır. Yaxşı futbol oynamağı öyrənir. “Qarabağ”ın heyətində Marko Yankoviçin oyununu bəyənir:

– Yorulmadan üzərimizdə çalışırıq. “Qarabağ”ın heyətində Marko Yankoviçin oyunu xoşuma gəlir. Düşünürəm ki, yaxşı komandamız var. Biz də nə vaxtsa gözəl futbolumuzla çoxlu azarkeş qazanacağıq.

Müşfiq dərslərini də yaxşı oxumağa çalışır. Riyaziyyat, coğrafiya sevdiyi fənlərdəndir. Asudə vaxtylarını futbolçu dostları ilə “Cırtdan”ın oyun zallarında səmərəli keçirməyə çalışır. Şahmat, “PlayStation” oyunlarına maraq göstərir.

Hüseyn Hüseynli qapıçıdır. Əli zədəli olduğu üçün sarıqlı gəzir. Yaxınlaşıb travmanın ciddi olub-olmamasını soruşuruq. Cavabında öyrənirik ki, oyundan qabaq məşq prosesində zədələnib:

– Yoldaşlıq görüşünə zədəli çıxdım. Həmin qarşılaşmada 2:1 hesablı qələbə qazandıq. Rəqib komanda 1 qolu qapıdan keçirə bildi. Onu da penalti vasitəsilə.

Cəbrayıl Əkbərov U-13-də oynayır. Masallıdan gəlib:

– Bizə bəslənilən ümidləri doğrultmağa çalışırıq. Komandamız artıq bir sıra nailiyyətlər də qazanıb. Futbolda olduğu kimi, dərslərdə də bir-birimizə kömək edirik. Boş vaxtlarımızı şahmat, dama, stolüstü tennis və digər oyunlarla daha səmərəli keçiririk.

Mehdi Kərimovun 12 yaşı var. Öz üzərində səylə işləyir. Məşqçilərin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə çalışır. Onun arzusu da böyük klublarda oynamaqdır.

Yeni yaranmasına baxmayaraq, akademiyanın 2011-ci illər təvəllüdlü futbolçuları Özbəkistanda, U-13 komandası ilə Gürcüstanda beynəlxalq turnirlərdə yaxşı
oyun nümayiş etdiriblər. 2013-cü təvəllüdlü uşaqlar isə Trabzonda turnirdə iştirak ediblər. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qubada “Ulduz-Cup” beynəlxalq turniri keçirilib. Belarus, Gürcüstan, Özbəkistanın komandaları, o cümlədən Şimali Kipr millisinin mübarizə apardığı yarışda klubun komandaları uğurla çıxış ediblər.

Bu ayın 24-də isə “Ulduz” FA-nın U-11 komandası Moskva şəhərində keçiriləcək Vasili Kulkovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək. Komanda artıq turnirə hazırdır.

Uşaqlara təkcə gözəl futbol oynamaq yox, həm də əzmkar xarakter, möhkəmlik və əsl komanda ruhu aşılayan akademiyadan xoş təəssüratla ayrılırıq. İnanmaq istəyirik ki, burada, nəhayət, dünya futbolunun məşhur ulduzları yetişəcək.

Leyla QURBANOVA
Cavid QAÇAYEV (foto)

Seçilən
26
xalqqazeti.az

1Mənbələr