AZ

Bağırov “Araz-Naxçıvan”la oyuna xüsusi önəm vermir

“Kəpəz”in baş məşqçisi Azər Bağırovun futbolinfo.az saytına müsahibəsi

– Millinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən necə yararlandınız? Son matçda “Sabah”la heç-heçə (2:2) etdiyinizi nəzərə alsaq, fasilə “Kəpəz”in lehinə olacaq, ya əleyhinə?

– Çempionatda yaranmış fasilə müddətində futbolçulara 3 günlük istirahət verdik. Bəzi zədəli oyunçularımız var idi, onlar sıraya qayıtdılar. Əlbəttə ki, “Sabah”la matçın sonuncu dəqiqələrində vurduğumuz qol komandada əhval-ruhiyyənin yaxşı olmasına zəmin yaratdı. İki həftə ərzində komandanı qarşıdakı oyuna daha yaxşı hazırlamaq, futbolçuların fiziki durumunu yaxşılaşdırmaq istədik. İnşallah, növbəti matçlarda bunun bəhrəsini görərik.

– Fasilədən sonra ilk oyununuz “Araz-Naxçıvan”a qarşı olacaq. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?

– Bütün oyunlara və komandalara eyni yanaşırıq, rəqibləri fərqləndirmirik. Sadəcə, hər rəqibin güclü və zəif cəhətlərini analiz edirik. “Araz-Naxçıvan” əbəs yerə turnir cədvəlinin üst pillələrində qərarlaşmayıb. Amma inanıram ki, “Kəpəz” də öz oyun dəst-xətti ilə yavaş-yavaş yuxarı pillələrə qalxacaq.

– “Araz-Naxçıvan” sizin sabiq komandanızdır. Bu görüşü Azər Bağırov üçün prinsipial hesab etmək olar?

– Xeyr, heç bir prinsipiallıq yoxdur. Hər bir matç bizim üçün çox önəmlidir. Düşünürəm ki, “Kəpəz”in Premyer Liqanın son 4-5 turunda sərgilədiyi oyun həm azarkeşlərimizin, həm də futbol funksionerlərimizin diqqətini çəkib. Hər görüşdən öncə futbolçulara deyirəm ki, daha da yaxşı olmalı, xallar qazanmalıyıq.

– Futbolçulara öz oyun fəlsəfənizi neçə faiz aşılaya bilmisiniz?

– Bilirsiniz, oyun fəlsəfəsini tam aşılamaqdan ötrü illər lazımdır. Çünki hər oyuna, hər qarşılaşdığın rəqibə fərqli yanaşmalısan. Əlində olan futbolçular artıq avtomatik şəkildə sənin dediklərini meydançada etməlidirlər. Bunun üçün isə illər lazımdır. Amma həmişə bir yanaşmamız olur: meydançada özümüzü və komanda yoldaşlarımızı maksimum müdafiə etmək və futbolumuzu yaxşı səviyyədə göstərmək.

– “Kəpəz” sonuncu pillədən tezliklə qurtula biləcəkmi? Komandanızın Premyer Liqada qalmaq şansını necə dəyərləndirirsiniz?

– “Kəpəz” sonuncu yerə layiq deyil. İnşallah, buradan tez bir vaxtda çıxacağıq. Bu gün hər hansı bir şans barədə danışmaq istəmirəm. Danışacağım bir şey var ki, hələ çempionatın 1/3-i geridə qalıb, hər şey irəlidədir. Bu gün hətta 5-ci yerlə aramızda elə böyük fərq yoxdur. Hər şeyi zaman göstərəcək. İnanıram ki, “Kəpəz” güclənəcək və öz oyunu ilə azarkeşlərin rəğbətini qazanacaq.

ABBAS

Seçilən
17
futbolinfo.az

1Mənbələr