AZ

General: Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçında 1 əlahiddə diviziya, 3 hərbi hissə dövlət sərhədinin mühafizəsinə başlayıb


“Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar xidməti vəzifələrini icra edərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 13 nəfər hərbi qulluqçusu şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümlərindən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov Elton Xaləddin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib”.

APA xəbər verir ki, bu fikirləri Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov DSX sərhəd qoşunların komandanlığı Şəmkir sərhəd dəstəsində keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında başlayan “Dəmir yumruq” döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak edib. Xüsusi ilə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi zamanı Аli Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan “Bartaz”, “Şükrataz” yüksəklikləri azad edilib. İşğaldan azad olunmuş həmin ərazilərdə dərhal Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin mühafizəsi təşkil olunub.

44 günlük şanlı Vətən müharibəsində isə 10 nəfər hərbi qulluqçusu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra qəhrəmanlıq, xüsusi şücaət göstərdiklərinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir İbrahimli Nail Nəriman oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.

Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və yüksək şücaət nümayiş etdirmiş bütün 1843 hərbi qulluqçular təltif olunmuş, onlardan 719 nəfər hərbi qulluqçumuz ölkə başçısı tərəfindən müxtəlif xüsusi orden və medallarla təltif olublar.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından dərhal sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının yeni inşa olunmuş 3 hərbi hissəsinə səfər etməsi sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və qayğının növbəti ifadəsi olmuş, sərhədçiləri xidməti uğurlara ruhlandırıb.

Azərbaycan xalqının Böyük Sərkərdəsi cənab İlham Əliyevin uzun illərdi apardığı siyasətin nəticəsi olaraq 19 aprel 2024-cü il tarixdə Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımız ucaldaraq şərəflə xidmətə başlayıblar.

Seçilən
20
6
apa.az

10Mənbələr