AZ

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun DOĞUM GÜNÜDÜR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun doğum günüdür.
Oxu.Az xatırladır ki, o, 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb.
Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alan Fikrət Əmirov 1939-cu ildə Bakı Konservatoriyasına daxil olub.
Konservatoriyada oxuyan Fikrət məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.
Gəncə və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.
Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edib və bir-birindən gözəl əsərlər yaradıb.
Musiqi tariximizin ən parlaq səhifələrində yer alan bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki F.Əmirovun zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaq olub.
Fikrət Əmirov dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrının yaradıcısıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı "Şur" simfonik muğamıdır.
Sonralar o bu janrda "Kürd-ovşarı" və "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamlarını da yaradıb. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsi hesab olunur.
Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır.
Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestvenski, Stokovski, Abendrot və başqa məşhur dirijorlar bu əsərlərin interpretatoru olublar. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
Fikrət Əmirov həm də Cəfər Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası ilə Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub.
Bəstəkarın zəngin yaradıcılığı digər bəstəkarlar üçün də bir mənbə olub. Belə ki, ondan sonra Niyazi "Rast", S.Ələsgərov "Bayatı-Şiraz", V.Adıgözəlov "Segah", T.Bakıxanov "Humayun", "Nəva" və s. simfonik muğamlar yazıblar.
Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlər bu gün də böyük maraq və sevgi ilə dinlənilir.
"Sevil" operası, "Ürəkçalanlar", "Gözün aydın" musiqili komediyaları, "Nəsimi" dastanı, "Min bir gecə", "Nizami" baletləri, "Azərbaycan süitası", "Simfonik rəqslər", "Azərbaycan qravürləri", fortepiano üçün "12 miniatür" uşaq pyesləri, skripka ilə fortepiano üçün "Muğam poema", "Sonata" müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib.
Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Seçilən
10
oxu.az

1Mənbələr