Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğuna cəhddə təqsirləndirilən İntiqam Nəbiyev və onun xalası oğlu Fikrət Quliyevin (hər iki şəxsin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü İntiqam Nəbiyev 4 il və Fikrət Quliyev isə 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Fikrət Quliyev məhkəmə iclas zalında həbsə alınıb.
İttihama görə, hadisə 14 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Qəbələ şəhəri ərazisində qeydə alınıb.
Belə ki, İntiqam Nəbiyev evlənmək məqsədi ilə aərərçəkmiş Sənubər Hacıyevanı (şərti) qaçırtmaq qərarına gəlib. O, xalası oğlu Fikrət Quliyevlə birgə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yolda qızın işə gedərkən qarşısını kəsib. Sonra İntiqam zərərçəkmişi xalası oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobilinə zor tətbiq etməklə, yəni qucaqlayaraq və qolundan tutub əyləşdirib. Daha sonra Fikrət maşını idarə edərək hadisə yerindən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan və hadisə barədə məlumat alan Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Fikrətin idarə etdiyi maşın saxlanılıb.
Hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib, İntiqam Nəbiyevin barəsində həbs, Fikrət Quliyevisə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Kamal Məmmədov