AZ

Maksim Medvedev: “Millimizin Santuş kimi məşqçilərə ehtiyacı yoxdur”

Azərbaycan millisinin keçmiş futbolçusu Maksim Medvedevin futbolinfo.az saytına müsahibəsi

– Yığmamız Millətlər Liqasının son turunda səfərdə İsveçə 0:6 hesabı ilə uduzdu. Ağır məğlubiyyəti nə ilə izah edərdiniz?

– Komandalar arasında səviyyə fərqi var idi, bu, açıq-aşkar görünürdü. Kobud səhvlər nəticəyə təsir etdi. Fikrimcə, oyuna daha yaxşı hazırlaşmaq olardı. Bəzi futbolçularda məsuliyyət aşağı səviyyədə idi. İsveçlə qarşılaşmada problemlərimizin çox olduğunu gördük. Zəif təsir bağışladıq. Daha çox və düzgün işləmək lazımdır.

– Ağır məğlubiyyətlə Millətlər Liqasında D liqasına yuvarlanmağımız rəsmiləşdi. Bu halla üzləşəcəyimizi əvvəldən təxmin edirdiniz? Santuş Azərbaycana bunun üçün gətirilmişdi?

– İki ay öncə də demişdim ki, bu gedişlə D liqasına düşə bilərik. Axırda elə də oldu. Üzücü haldır. Artıq ümumi proqramı dəyişmək lazımdır. Günahkar axtarmağa ehtiyac yoxdur, hər şey göz qabağındadır. Fernandu Santuş əcnəbidir, müqaviləyə gəlib, ona sual-sorğu az olacaq. Ən pis halda, vidalaşacağıq.

– 0:6-dan və D liqasına yuvarlanmağımızdan sonra da hazırkı heyəti son illərin ən güclüsü adlandırmaq nə dərəcədə doğrudur?

– C liqasında qalmamağımız bizim üçün ağır zərbədir. Artıq D liqasına düşmüşük, bu vəziyyətdən necə çıxacağımız və buna nə qədər vaxt sərf edəcəyimiz maraqlıdır. Hazırkı heyətdə fərdi cəhətdən yaxşı oyunçular var. Amma futbol kollektiv şəklində oynanılır, bu uşaqları birləşdirməyi bacarmaq lazımdır.

– Millətlər Liqasında uğursuzluğa düçar olan milli komandamızdan dünya çempionatının seçmə mərhələsində nə gözləyək?

– Hazırda nəsə gözləmək çətindir. Daha yaxşı olmaq üçün çox vaxt lazımdır. Düzgün hazırlıq prosesləri keçirilməli, fundamental dəyişikliklər edilməlidir.

– Milli komandamızın nəticələrinin yaxşılaşması üçün çıxış yolunu konkret nədə görürsünüz?

– Sıfırdan başlamaq lazımdır. Uşaq futboluna çox diqqət yetirilməlidir. 3 ildən sonra oyunçu tapmaqda çətinlik çəkəcəyik, onda daha da pis nəticələr qeydə alınacaq. Mütəxəsislər bundan xəbərdardırlar. İndiki məqamda millimizin Santuş kimi məşqçilərə ehtiyacı yoxdur. İlk növbədə, stabillik yaratmaq lazımdır. İnkişaf uşaq futbolundan başlamalıdır. Bunları etsək, 6-7 ildən sonra bəhrəsini görəcəyik.

ABBAS

Seçilən
22
futbolinfo.az

1Mənbələr