AZ

İqtisadi inkişaf: Əsas yük regionların üzərinə düşür

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafında əsas yük regionların üzərinə düşür. 

Regionların iqtisadi inkişafı  ölkə əhalisinin sosial durumunun səviyyəsinə birbaşa təsir edir. Bu baxımdan, dövlət regionların sosial-iqtisadi inkişafını əsas prioritet elan edib. Bu istiqamətdə dövlət proqramları həyata keçirilir ki, bu da regionların inkişafında önəmli faktordur.

Qeyd edək ki, bu günə qədər bu istiqamətdə 4 dövlət proqramı həyata keçirilib. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) qəbul edilərək icra olunub.

Bu proqramların nəticəsində isə ölkə iqtisadiyyatında bu müsbət dəyərlər yaranıb. Belə ki, rəsmi rəqəmlərə görə, icra olunan dövlət proqramlarından sonra ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. 2020-ci ilin statistik göstəricilərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.

2022-ci ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. Onu da nəzərə almaq lazımdır ki, dövlət bu proqramların icrası üçün milyardlarla manat vəsait xərcləyib. Təkcə 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü (hazırda icra olunan-müəll.) dövlət proqramının icrasında 7,2 milyard manat vəsait yönəldilib. Rəqəmlər müsbətdir, amma bu gün region əhalisinin əsas problemi olan işsizlik hələ də qalmaqdadır.

Bunlar dövlət proqramlarının icrası nəticəsində əldə olunan uğurlardır. 

Digər tərəfdən, regionların inkişafını göstərən əsas məsələlərdən biri də bir çox rayonların dövlət büdcəsindən dotasiya almamasıdır. Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə bilməyəcək. Başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

Yəni, ümumi olaraq 62 rayon dövlət büdcəsindən dotasiya almayacaq. Bu amilin özü regionların inkişafının göstəricisidir. 

Məlumata görə, dotasiya alacaq həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıdır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 5,287 milyon manat vəsait nəzərdə tutulub.

Bu məqam regionların inkişafı ilə yanaşı, həm də dövlət büdcəsinin yükdən azad olması deməkdir. Bu məsələnin nə dərəcədə önəmli olduğunu göstəmək üçün kiçik bir müqayisə kifayət edir. Belə ki, 2015-ci ildə dövlət büdcəsindən dotasiya almayan cəmi 3 şəhər və 2 rayon olub. Onlar da Bakı, Sumqayıt, İmişli, Abşeron və Şirvan rayonu olub. Qalan 62 şəhər və rayon dövlət büdcəsindən aldığı dotasiya hesabına yaşayıb. 

 Bu faktın özü regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarının nəticələrini göstərir.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Seçilən
7
cebheinfo.az

1Mənbələr