AZ

İngilislər sığınacaq almaq üçün növbəyə durub: III Dünya müharibəsi başlayır?..

Ukraynadakı gərgin vəziyyət səbəbindən narahat olan ingilislər şəxsi sığınacaqlara sahib olmaq üçün tələsməyə başlayıb...

Poliqon xəbər verir ki, "Burrowed" şirkətin rəhbəri, Nottingemşirdə yaşayan Metyu Rayt nüvə partlayışlarına davamlı sığınacaqların tikintisi ilə məşğuldur və tələbatın sürətlə artdığını bildirib.

Metyu Rayt bundan əvvəl "Star" qəzetinə verdiyi müsahibədə altı ay əvvəl yaradılmış şirkətinə sifarişlərin çoxaldığını bildirib. Bu gün isə o, ötən həftə ərzində alınan sifarişlərin adi dövrdəkindən üç dəfə çox olduğunu vurğulayıb.

Metyu Rayt əvvəllər belə sığınacaq istəyən insanların "qiyamət günü"nə hazırlaşdığını düşünürmüş. Lakin hazırda müraciət edənlərin sadəcə ailələrini qorumaq istəyən adi insanlar olduğunu qeyd edib. Metyu Rayt həmçinin, gələcəkdə qrup şəklində istifadə üçün nəzərdə tutulmuş sığınacaqlar da tikə biləcəklərini açıqlayıb.

Ukrayna ilə Rusiya qüvvələri arasındakı gərginlik artmaqda davam etdiyi üçün tədarük edilən sığınacaqların qiymətləri də kifayət qədər yüksəkdir. Orta hesabla bir yeraltı sığınacaq 100.000 funt-sterlinqdən baha satılır.

Bu il araşdırmaçı jurnalist Anni Ceykobsen "Nüvə müharibəsi: Bir ssenari" adlı kitabında nüvə müharibəsi vəziyyətində baş verə biləcək dəhşətləri ətraflı şəkildə təsvir edib.

Kitabda qeyd olunur ki, ABŞ prezidenti tərəfindən başladılacaq əks hücum cəmi 72 dəqiqə ərzində beş milyard insanın həyatını itirməsi ilə nəticələnə bilər.

Anni Ceykobsen yazıb: "Bu, yaşadığımız dünyanın reallığıdır. Bu kitabda təsvir edilən nüvə müharibəsi ssenarisi sabah baş verə bilər".

Ceykobsen daha sonra əlavə edib: "180 milyon dərəcə istilikdə, doqquz mil diametrdə hər şeyi yandıran ilk termonüvə işıq partlayışından tutmuş, küləklərin buldozer effekti ilə bütün binaları dağıtması, daha çox yanğınların başlaması, radiasiyanın insanları dəqiqələr, saatlar, günlər və həftələr ərzində öldürməsi - əgər sağ qalarlarsa, bütün bunların fonunda hər bir yanğının 100 və ya daha çox kvadrat mil ərazini əhatə edən meqayanğınlara çevrilməsi ehtimalı mövcuddur".

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr