AZ

Nizami Sadıqov: “Onları birdən-birə odun içinə atmaq olmaz” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Turan”ın veteran futbolçusu Nizami Sadıqovun İdman.bizə müsahibəsi

- Kapitanı olduğunuz və uğurlarında birbaşa rol oynadığınız “Turan Tovuz” 60 illik yubileyinizi xüsusi turnirlə qeyd etdi. Belə sürprizi gözləyirdiz?

- ⁠Buna görə başda klub rəhbərliyi olmaqla, hər kəsə təşəkkür edirəm. Belə tədbirlərin çox olması gələcək nəslə böyük bir örnəkdir. Xoş oldu ki, rəhbərlik məni bu formada təbrik etdi.

- Turnir zamanı uşaqlıq xatirələrinə daldızmı?

- Bəli, burada aşağı yaş qrupları çıxış edirdi. Onlara baxdıqda uşaqlığım yadıma düşdü. Çox qürur hissi keçirdirdim. Həmçinin çox möhtəşəm bir turnir baş tutdu. Bunların hamısı unudulmaz bir xatirələrdir.

- ⁠Keçmişə boylansaq, futbolla bağlı nəyi unutmaq istəməzdiz?

- O günlər mənim üçün çox əvəzsizdir. Azərbaycanda ilk çempionluğumuz və avrokubokda ilk olaraq iştirakımız unudulmazdır. Bunlar “Turan”ın adı ilə tarixə yazılıb.

- “Turan Tovuz” kollektivi sizə yubileyinizlə bağlı 60 nömrəli formanı hədiyyə etdi. Artıq yeni nömrədə “oynayacağınızı” demək olar...

- ⁠Bu, çox sevindiricidir və forma kolleksiyamda önəmli yerlərdən birini tutacaq.

- Veteran qapıçı kimi hazırda bu məktəbin zəifliyini nə ilə əlaqələndirərdiz?

- ⁠Son illərdə bu mövqedə boşluq var. Gənc nəsil yüksək səviyyəyə gəlib çatmayıb. Bir qapıçının yetişməsi üçün illər lazımdır. Çünki qolkiper əsasən 22 yaşından sonra oynamağa başlayır, 30 yaşa çatdıqda daha təcrübəli olur. Ona görə qapıçılarımızın yetişməsi üçün bir az zaman lazımdır. Təcrübə qazanmaq asan deyil. Onları birdən-birə odun içinə atmaq olmaz.

- Azərbaycan çempionatında ən uzun müddət qapısını toxunulmaz saxlayan qapıçı rekordunun sahibi kimi klublarımızda kimi fərqləndirərdiz?

- “Neftçi”dən ⁠Rza Cəfərovun adın çəkə bilərəm. “Sabah”da və digər aşağı yaş qruplarında da yetişən çox yaxşı qapıçılarımız var.

- Bəs futbolçulardan da kiminsə adını çəkə bilərsiz?

- ⁠Elvin Cəfərquliyevlə Toral Bayramovu bəyənirəm. Digər gənc və perspektivli olanlar da var. Ancaq zamanları gəldikdə, adlarını açıqlayacam.

- Bəs Tovuz və Azərbaycan futboluna xüsusi töhfə vermiş biri kimi futbolumuzun bu gününü bəyənirsiz?

- ⁠Açıq danışım ki, bu barədə çox şey deyə bilməyəcəm. Fikrimcə, mənimlə birgə çoxları bu durumdan razı deyil. İndiki vəziyyət kimi qane edir ki? Avropadan çox geridə qalmışıq. Millinin oyunlarından heç kim razı deyil. Bu yolda görüləsi çox işlər var. Ona görə də çox çalışılmalıdır. Gənclərə önəm verilməli və daha çox turnirlərdə iştirak etməliyik. Futbolumuzun 5-6 ilə normal səviyyəyə çatacağını düşünürəm.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr